Nazir Bakıya gəlir

Aprelin 10-13-də Türkiyənin Meşə və Su İşləri Naziri cənab Veysəl Əroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, səfərin məqsədi Azərbaycan və Türkiyə arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq məsələlərinin müzakirə edilməsidir. Səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüşü nəzərdə tutulur.

Qeyd edək ki, səfər zamanı ətraf mühitin mühafizəsi sahəsində ümumi əməkdaşlıq məsələləri, su ehtiyatlarının və meşələrin idarə olunmasının günün tələbləri səviyyəsində təşkili və birgə layihələrin həyata keçirilməsi, Xəzər və Qara dənizlərin ətraf mühitinin qorunması, həmçinin 25 oktyabr 2011-ci il tarixində Azərbaycan Respublikası və Türkiyə Respublikası Hökumətləri arasında imzalanmış meşə təsərrüfatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumundan irəli gələn məsələlərin müzakirəsi planlaşdırılır.

Bundan əlavə, səfər zamanı nümayəndə heyətinin 11-13 apreldə "Bakı Ekspo" mərkəzində təşkil olunacaq Xəzər Beynəlxalq Su Texnologiyaları ("CATEF-2013") sərgi və forumunda iştirakı da nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə