Nazir Fransanın Ali Şurasının prezidenti ilə görüşüb

Nazir Fransanın Ali Şurasının prezidenti ilə görüşüb

Kənd təsərrüfatı naziri İsmət Abasov Fransa Respublikasında rəsmi səfəri çərçivəsində Burqundiya regionunun Yon bölgəsinə səfər edərək regionun Ali Şurasının prezidenti cənab Andre Vilye ilə görüş keçirib. Nazirlikdən SİA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan və Fransanın Yon bölgəsi arasında dostluq və kənd təsərrüfatı sahəsində yaranmış əməkdaşlıq əlaqələri, o cümlədən cənab A.Vilyenin 2011 və 2012-ci illərdə Azərbaycana səfərləri zamanı aparılmış danışıqların nəticələri müzakirə edilib. Daha sonra nazir İ.Abasov cənab A.Vilye ilə birlikdə Fransanın "Holşteyn" və "Şarole" damazlıq heyvan cinslərinə baxış keçirib.

Eyni zamanda, nazir Yon vilayətinin prefekti cənab Lö Dan ilə görüş keçirib. Səmimi qəbula görə təşəkkürünü bildirən İ.Abasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindəna aparılan ardıcıl və məqsədyönlü iqtisadi siyasət nəticəsində müsbət makroiqtisadi göstəricilər, kənd təsərrüfatının artım tempi, yoxsulluq səviyyəsinin 49 faizdən 6 faizə enməsi, kənd təsərrüfatı istehsalçıları üçün yaradılmış əlverişli iqtisadi şərait barədə müqabil tərəfə geniş məlumat verib. Müqabil tərəf Fransanın bütün sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün hazır olduğunu, iki ölkə arasında münasibətlərin vəziyyəti və bütün bu amillərin dövlətlərarası dialoq üçün yaxşı zəmin yaratdığını, eləcə də bu görüşün uzunmüddətli əməkdaşlıq üçün başlanğıc olduğunu bildirib. Nazir bu regionda həyata keçirilən mədəni və ictimai tədbirlərin iki dövlətlərin xalqlarının yaxınlaşmasında önəmli rol oynadığını və bu kontekstdə Azərbaycan Resbulikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fransada keçirilən bütün tədbirlərin Fransanın həmçinin regionlarında Azərbaycanın geniş təbliği üçün vacib vasitə olduğunu qeyd edib.

Lö Dan Fransanın Milli Assambleyasında ermənilər tərəfindən törədilmiş cinayəti birmənalı olaraq pislədiyini vurğulayıb. Nazir İ bu xoşagəlməz hadisənin demokratiyanın əsas mərkəzlərindən sayılan məhz Fransa Milli Assambleyasında baş verdiyindən təəssüfləndiyini bildirib.

Daha sonra İ.Abasov Fransanın Burqundiya regionunun Yon bölgəsinin Şabli şəhərinə səfər edərək, Yon bölgəsinin Ali Şurasının birinci vitse-prezidenti və Şabli şəhərinin meri cənab Patrik Qenro ilə görüş keçirib, üzüm və şərab istehsalı sahəsində ixtisaslaşan və Göygöl şəhəri ilə əməkdaşlıq haqqında protokol imzalamış bu şəhərlə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib. Görüşdən sonra İ.Abasov cənab Patrik Qenro ilə birgə mətbuat konfransı keçirib. Mətbuat konfransında jurnalistlərin suallarına cavablandıran nazir bu səfərin konkret nəticələrə yönəldiyini, Burqundiya regionundan "Şarole" və "Holşteyn" damazlıq cinsindən olan heyvanların Azərbaycana idxalına dair ilkin razılığın əldə edildiyini və bu heyvanların idxalının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçiriləcəyini bildirib. O, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gündəik diqqəti və qayğısı nəticəsində kənd təsərrüfatı məhsulları istehsalçıları üçün yaradılmış əlverişli şəraitdən, o cümlədən "Aqrolizinq" ASC və "Sahibkarlığa Kömək Milli Fondu"nun önəmli fəaliyyətindən, müxtəlif subsidiyalar və vergi güzəştləri vasitəsilə fermerlərin və kəndli sahibkarların dəstəkləndiyi barədə ətraflı məlumat verib. Eyni zamanda İ. Abasov mətbuat konfransı iştirakçılarını cari ilin 09-10 noyabr tarixlərində Azərbaycanın Gəncə şəhərində keçiriləcək 2-ci Beynəlxalq Şərab Festivalına dəvət edib.

Nazir İsmət Abasov daha sonra Heydər Əliyev Fondunun Fransa regionlarındakı "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində Şabli şəhərində təşkil edilmiş sərginin açılışında və layihə çərçivəsində Şabli kilsəsində azərbaycanlı ifaçıların konsertində iştirak edib. Görüşlərdə nazir İsmət Abasovu Azərbaycan Respublikasının Fransadakı səfiri cənab Elçin Əmirbəyov və Fransanın Burqundiya regionunun Yon bölgəsinin Ali Şurasının prezidenti cənab Andre Vilye müşayiət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə