Lənkəran Bölgə Təcrübə Stansiyasında yeni pomidor sortu alınıb

Lənkəran Bölgə Təcrübə Stansiyasında yeni pomidor sortu alınıb

Lənkəran Bölgə Təcrübə Stansiyasında ötən ildə 9 mövzuda elmi-tədqiqat işi aparılıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədqiqat işi Beynəlxalq Tərəvəzçilik Mərkəzinin xətti ilə gətirilmiş 69 növ pomidor, 19 növ sarımsaq, 2 növ soğan, 2 növ xiyar, 6 növ tərəvəz lobyası, 1 növ kələm və 19 növ badımcan bitkisi üzərində keçirilib. Bu məlumatı əməkdaşımızla söhbətində Stansiyanın direktoru, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Həzər Hüseynov səsləndirib. X.Hüseynov əlavə edib ki, " 2008-2015-ci illərdə AR-da əhalinin ərzaq təminatına dair Dövlət Proqramı"na əsasən 2011-ci ildə əkilmiş sahələrdən 73,5 ton buğda, 10 ton soğanaq, 10 ton yonca, 100 kq seleksiya məqsədilə sarımsaq istehsal olunub. Bundan başqa 200 kq pomidor, 265 kq soğan, 276 kq xiyar elit, super elit və R1 tərəvəz toxumları, 85 kq tərəvəz lobya toxumları istehsal olunaraq respublikanın toxum istehsal edən müəssisələrinə və bölgənin kəndli fermer təsərrüfatlarına təklif olunub.

2012-ci ildə respublika Aqrar Elm Mərkəzinin və Elmi Tədqiqat Tərəvəzçilik İnstitutunun istehsal proqramına uyğun olaraq təsərrüfatda 21 ha buğda, 10 ha pomidor, 2 ha xiyar, 2,5 ha soğan, 0,5 ha badımcan, 0,2 ha sarımsaq və 20 ha yonca əkilib. Stansiyada ötən il həmçinin son illər Ukraynada istehsal olunan "Smes" gübrələri ukraynalı alimlərin iştirakı ilə tərəvəz bitkilərinin inkişafına və məhsuldarlığına təsiri istiqamətində elmi tədqiqat işləri aparılıb.

Həzər Hüseynovun sözlərinə görə, müəssisənin son illərdə ən uğurlu nəticəsi respublikamızda ilk dəfə olaraq 3500-4000 km məsafəyə daşınmaya, saxlanmaya və konservləşdirməyə yararlı məhsuldar pomidor sortunun alınmasıdır. Belə ki, "Zəfər" adı verilmiş yeni pomidor sortu Dövlət Sınağı Komissiyasına təqdim olunub. Ötən dövrdə stansiyanın alimləri fermer təsərrüfatlarında olmuş, tərəvəz əkininin mütərəqqi becərmə üsulları barədə fermerlərə məsləhətlər veriblər.

Müəssisənin direktoru əldə etdiyi uğurlarla yanaşı qarşılaşdıqları problemlərə də toxunub. Bildirib ki, ən böyük çətinlikləri istehsal etdikləri məhsulun satışı ilə bağlıdır. Belə ki, 2012-ci ildə yardımçı təsərrüfatda 10 ha sahədə yetişdirdikləri tonlarla pomidor alıcı olmadığından məhv olub. Rayonda mövcud olan 10-a yaxın tərəvəz emalı müəssisəsi isə müxtəlif bəhanələrlə kənd əməkçilərinin min bir zəhmət hesabına hasilə gətirdiyi ekoloji cəhətdən təmiz məhsula yaxın belə durmayıblar.

Bu da ona gətirib çıxarıb ki, fermerlər bu gəlirli sahədən getdikcə uzaqlaşırlar. Təsadüfi deyildir ki, ötən ilin müvafiq dövründə təkcə 50 kq pomidor toxumu satılmışdısa, bu günədək 1 kq belə toxum satılmayıb. Belə olan halda yayda pomidorun qiymətində artımının baş verməsi qaçılmaz olacaqdır.

Qeyd edək ki, təsərrüfatda payızlıq əkinləri başa çatdırılıb. 21 ha buğda, 0,2 ha sahədə sarımsaq əkini keçirilib. Hazırda Təcrübə Stansiyasında yaz əkinlərinə ciddi hazırlıq gedir.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə