Gürcüstanın maliyyə naziri: “Şimali Qafqaz dəmir yolunun açılması gündəmdə deyil”
Gürcüstan-Abxaziya dəmiryolu xəttinin açılması məsələsi hökumətin gündəliyində durmur. Bu barədə brifinqdə çıxışı zamanı Gürcüstanın maliyyə və davamlı inkişaf naziri Georgi Kvirikaşvili deyib.
"Bu məsələ hazırda gündəmdə deyil, ona görə ki, dəmir yolu xəttinin açılması iqtisadi mövzu olmaqdan çox çətin və həlli mümkün olmayan siyasi məsələdir. Xüsusilə də bu, Gürcüstan-Rusiya münasibətlərinin inkişafından asılıdır. Bizim mövqeyimiz dəyişməzdir, abxazlarla münasibətlərin əvvəlki məcraya düşməsində gürcülər daha çox maraqlıdır, biz bunun üçün də çalışırıq", - deyə nazir səbəblərdən birini açıqlayıb.
Qeyd edək ki, bundan bir müddət əvvəl reinteqrasiya naziri Paata Zakareişvili demişdi ki, "Abxaziyanın Gürcüstana qaytarılması strategiyası" çərçivəsində Rusiya ilə əlaqələr yenidən bərpa oluna bilər. Bura Şimali Qafqaz dəmir yolu xəttinin açılması da daxildir. Amma nazir bir az sonra bildirmişdi ki, abxaz tərəfinin məsələyə maraq göstərməməsi xəttin açılmasını arxa plana keçirdi.
Ermənistana səfəri çərçivəsində keçirilən tədbirlərin birində Gürcüstanın baş naziri Bdzina İvanişvili də dəmir yolunun açıla biləcəyini bildirmişdi. Prezident Saakaşvili isə baş nazirin açıqlamasını tənqid etmişdi. Əlavə etmişdi ki, bu, birmənalı olaraq Rusiyanın maraqlarına xidmət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB