Vüqar Bayramlı: “Azərbaycan ilk mərhələdə TANAP layihəsi ilə ixrac edəcəyi 16 mlrd kubmetr qazdan 3 mlrd dollar xalis gəlir götürəcək"
BP-nin TANAP-a qoşulması...

"TANAP-ın reallaşdırılması üçün atılan ən əhəmiyyətli addımlardan biri BP-nin layihəyə qoşulmasıdır. Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramlı deyib. Onun sözlərinə görə, BP-nin bu layihəyə qoşulması TANAP-ın reallaşacağını deməyə əsas verir: "TANAP layihəsi Azərbaycan üçün strateji bir layihədir. 2012-ci ildə Azərbaycanın enerji siyasəti və bu layihə ilə bağlı mövqeyini birmənalı olaraq ortaya qoyması, o cümlədən enerji resurslarının Avropa bazarlarına çatdırılmasında Azərbaycan-Türkiyə strateji əməkdaşlıq xəttinə üstünlük verilməsi layihənin reallaşması imkanlarını xeyli artırmışdı. Bununla belə, layihənin reallaşmasında bir sıra şirkətlərin və dövlətlərin mövqeləri fərqli idi. Hətta Avropanın özündə bu layihənin reallaşması ilə bağlı tərəddüdlər vardı. Xeyli müddət iri şirkətlər, o cümlədən BP bu layihənin reallaşması üçün öz mövqeyini ortaya qoymamışdı. BP-nin TANAP-a qoşulması göstərir ki, bu layihə təkcə Bakı və Ankaranın deyil, eyni zamanda Avropa və iri şirkətlərin dəstəyini alıb. Bununla da Azərbaycan qazının Avropa və Türkiyə bazarlarına çıxarılması ilə bağlı bütün məsələlər həll olunmuş olur. Bundan sonra qaz kəmərinin inşası və tərəflərin maliyyə öhdəlikləri kimi məsələlər müzakirə olunacaq. TANAP layihəsi vasitəsilə Azərbaycan mavi qaz ehtiyyatlarını Avropa və Türkiyə bazarlarına daha asan və risksiz çıxaracaq. Çünki TANAP Rusiyadan kənar keçən layihədir. Bu layihənin Rusiyadan kənar keçməsi Azərbaycanın müstəqilliyinin qorunması və bununla bağlı hər hansı bir riskin aradan qaldırılması baxımından da əhəmiyyətlidir. Eyni zamanda TANAP digər layihələrdən daha ucuzdur. NABUCCO-nun inşaat xərcləri 12 mlrd avro, Cənub Axını layihəsinin xərcləri 20 mlrd avrodur. TANAP-ın isə inşaat xərcləri NABUCCO-dan 40 faiz daha ucuzdur. Bu da onun iqtisadi baxımdan daha effektli olması anlamına gəlir. Bu kəmərin inşaat xərclərinin az olması Azərbaycan üçün də əhəmiyyətlidir. Çünki bu Azərbaycanın əldə etdiyi gəlirlərə təsir göstərir. Eyni zamanda bu, imkan verəcək ki, Azərbaycan mavi qazın nəqli ilə bağlı qiymətləri diqtə edə bilsin. Əldə olunan razılaşmalarda birmənalı şəkildə qeyd olunur ki, TANAP-la Avropa və Türkiyə bazalarına çıxarılacaq mavi qazın qiyməti Avropa bazar qiymətinə uyğun olacaq. Nəzərə alsaq ki 2012-ci ildə Azərbaycanda 27 mlrd kubmetr mavi qaz hasil olunub, bu rəqəm 2016-cı ildə Şahdənizin ikinci fazasının istifadəyə verilməsindən sonra 40 mlrd kubmetrə yüksələcək. 2020-2022-ci illərdə isə Abşeron yatağının istifadəyə verilməsi ilə Azərbaycan qaz hasilatını 60 mlrd kubmetrə çatdıracaq. Bu imkan verəcək ki, Azərbaycan TANAP layihəsi ilə tələb olunan 30 mlrd kubmetr mavi qazı nəql edə bilsin".

İqtisadçı-ekspert bildirdi ki, Xəzəryanı ölkələrin TANAP-a qoşulması yaxın gələcəkdə baş verə bilər: "BP-nin TANAP-a qoşulması yaxın gələcəkdə neft və qaz şirkətlərinin bu layihə ilə əməkdaşlığının yaranacağından və güclənəcəyindən xəbər verir. Hal-hazırda xarici şirkətlərin deyil, Türkmənistan və Qazaxıstan qazının TANAP vasitəsilə Türkiyə və Avropa bazarlarına çıxarılması məsələləri dəı müzakirə olunur. TANAP reallaşarsa digər layihələrin həyata keçirilməsinin AB üçün əhəmiyyəti qalmır. Ona görə də AB TANAP-ın genişləndirilməsində maraqlıdır. Belə olan təqdirdə Xəzəryanı ölkələrin bu layihəyə qoşulma imkanları xeyli genişlənir. Bundan əlavə Türkmənistan və Qaxaxıstanın özləri də bu layihəyə qoşulmaqda maraqlıdır. Çünki bu onlar üçün daha rentabellidir. Bunun üçün də bu ölkələrin TANAP-a qoşulacağı istisna edilmir".

Qeyd edək ki, TANAP-la mavi qazın ötürülməsi imkanları kifayət qədər böyükdür. Birinci mərhələdə 16 mlrd kubmetr, ikinci mərhələdə 30 mlrd kubmetr mavi qazın TANAP vasitəsilə Türkiyə və Avropa bazarına çıxarılması nəzərdə tutulur. Azərbaycan və Türkiyə arasında mavi qazın nəqli ilə bağlı anlaşmada qazın bir kubmetrinin qiyməti təxminən 300 dollara yaxındır. Birinci mərhələdə TANAP layihəsi ilə qazın nəqlindən 4.8 milyard dollar gəlir əldə ediləcək. İlk mərhələdə layihənin tikinti xərcləri də nəzrə alınsa Azərbaycan TANAP-dan 3 mlrd dollar xalis gəlir götürəcək. İkinci mərhələdə 30 mlrd kubmetr qaz satışından sonra isə Azərbaycan gəlirlərini 7 mlrd dollara yüksəldəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə