Azərbaycan öz təlabatını ödəyə bilirmi?

Azərbaycan öz təlabatını ödəyə bilirmi?

Bu gün Arıçılar Birliyinin sədrinin, arıçılıq sahəsinin mütəxəssislərinin, Hacıtəpə Universitetinin professoru Aslı Özkırımın və Rusiyadan dəvət olunmuş Aleksey Borisoviçinin iştirakı ilə mətbuat konfransı keçirilib. Azərbaycan Arıçılar İttifaqının sədri Şamil Quliyev bildirib ki, hazırda dünyada 24 arı cinsi var ki, bunun da yüksək təsərrüfat xüsusiyyətli 2 növü Azərbaycandadır.

Onun sözlərinə görə, bu arı növlərindən səmərəli istifadə olunması üçün ölkədə bu sahənin inkişaf etdirilməsinə ehtiyac var: "Ölkəmizdə 200 mindən çox arı ailəsi var. Cari ildə illik bal istehsalı həcmi 1200-1600 ton olub. Ölkənin illik təlabatı isə 4500 tondur. Deməli hələ də ölkə öz təlabatını ödəyə bilmir və nəticə etibarıilə balın idxalına ehtiyac yaranır. Bu il 60 kiloqram arı südü əldə olunub. Lakin Azərbaycanın təbii şəraiti imkan verir ki, 600 min arı ailəsi saxlanılsın və bol məhsul əldə olunsun. Əgər 600 min arı ailəsi təsərrüfatı olarsa ölkəmiz il ərzində 10 min ton bal, 4 ton isə arı südü istehsal edər".

Sədr bildirib ki, ölkənin illik ana arı təlabatı 70 min ədəddir. Bununla bağlı Balakən, Quba, Biləsuvar rayonlarında ana arı yetişdiriciliyi fəaliyyət göstərir.

Şamil Quliyev qeyd edib ki, bu günə qədər arıçılığın inkişafı ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilib. Cari ildə də "Qaçqın və məcburu köçkün arıçalara yardım" layihəsinin keçirilməsi planlaşdırılıb. Onun sözlərinə görə, bu layihə təbii şəraitinin əlverişli olması ilə əlaqədar Lənkəranda reallaşdırılacaq. 100 qaçqın və məcburi köçkün ailəsinə hər birində 10 ədəd olmaqla 1000 arı ailəsi veriləcək.

Sədr bildirib ki, arıçılığın sağlam inkişaf etməsi üçün lazım olan dərman preparatları Azərbaycanda istehsal olunmadığından xaricdən idxal olunur. Lakin xaricdən gətirilən hər bir məhsul da keyfiyyətli olmadığı üçün daha çox arı məhsulunun əldə edilməsinə zərbə vurur.

Şamil Quliyev deyib ki, Azərbaycanda arıçılığın inkişafına maneə yaradan amillərdən biri də Kənd Təsərrüfatı, İqtisadi İnkişaf, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin arıçılıq birliklərilə qarşılıqlı əməkdaşlıq etmək istəməməsi, arıçılıq sahəsindəki problemlərin həllinə çalışmaması, ümumilikdə isə bu sahə üzrə fəaliyyətinin olduqca aşağı səviyyədə olmasıdır.

Aslı Özkırım bildirib ki, Azərbaycanda hər bir sahədə olduğu kimi arıçılığın da inkişafına şərait var. Türkiyə də qardaş ölkədə bu sahənin inkişafı üçün dəstək göstərmək istəyir: " Bildiyiniz kimi arıçılığın inkişafında dünya üzrə Çİndən sonra Türkiyə ikinci yerdədir. İstərdik ki , Azərbaycan da bu sahədə Türkiyədən faydalansın, marifləndirilsin".

Konfransda qeyd olunub ki, iştirakçılar dövlətin Aqrar Siyasət sahəsində yeritdiyi siyasəti dəstəkləyir. Arıçılıq sahəsinin də inkişafın yaradılması istiqamətində çalışır.

Daha sonra konfrans iştirakçıları arıçılıqda yaşanan problemlərin həlli istiqamətində müzakirələr aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə