Bu il iyunun 4-dən 7-dək "Bakı Ekspo" Mərkəzində Xəzəryanı regionda neft və qaz sahəsində ən böyük tədbir olan "Caspian Oil and Gas" 20-ci yubiley Beynəlxalq Xəzər neft-qaz, neft emalı və neft kimyası sərgi və konfransı keçiriləcək. SİA-nın məlumatına görə, sərginin əsas bölmələri neft-qaz yataqlarında hasilat, geofizika və geologiya, qaz və neft quyularının tikintisi, işlənməsi, platformalar və üzən qazma qurğuları, qaz çıxartma sənayesi üçün avadanlığın layihələşdirilməsi, istehsalı və texniki qulluq, boruların salınması və boru kəmərlərinin təhlükəsizlik sistemlərinin təminatı, neft və qaz emalı və neft-kimya məhsulları, neft və qaz saxlama sistemlərinin təmin edilməsi və s. olacaq.
Eyni zamanda, sərgi çərçivəsində iyunun 5-6-da 20-ci yubiley Xəzər neft-qaz, neftayırma və neft kimyası konfransı da keçiriləcəkdir. Konfransda dünya enerji bazarında dəyişikliklər, Avropanın enerji təhlükəsizliyi təminatında Azərbaycanın rolu, Xəzər regionu kəşfiyyat və hasilat sektorunun cari inkişaf istiqamətləri, Xəzəryanı dövlətlər arasında əməkdaşlıq, regional investisiya qoyuluşu, Xəzərin neft və qaz ehtiyatlarının dünya bazarlarına nəqli, Azərbaycanın ixrac yollarının şaxələndirilməsi, neft və qaz hasilatı, emalı və neft kimyası sahəsində yeni layihələr və s. mövzular müzakirə olunacaqdır.
Sənaye və Energetika Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəsmi dəstəyi, Böyük Britaniyanın "ITE Group PLC" şirkətinin Qafqazda eksklüziv tərəfdaşı olan "Iteca Caspian LLC"-nin təşkilatçılığı ilə keçiriləcək sərgi və konfransa 10 mindən çox ziyarətçinin gəlişi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB