Eyyub Hüseynov: "Qanun bütün hallarda istehlakçının hüquqlarını qoruyur"

Eyyub Hüseynov: "Qanun bütün hallarda istehlakçının hüquqlarını qoruyur"

Qış mövsümünün gəlməsi bağlı olaraq, təbii ki, qaz, su, işıqla yanaşı, insanların geyimində də qalın və isti paltarların olması vacibdir. Eyni zamanda bu geyimlər insan sağlamlığına və onun əhaval ruhiyyəsinə təsir göstərməməlidir. Gəlin görək bu sahədə vəziyyət necədir.

"Səs" qəzetinə açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, istehlakçılar əsasən astarlı cinslər haqqında məlumat almaq istəyirlər. Astarı yun olan cinslər üç ildir ki, Azərbaycan bazarına daxil olub. Qeyd edim ki, qış paltarı olan astarlı cinslər yundan və pambıqdan alınır. Lakin tədqiqatlar göstərir ki, astar əsasən qarışıq materiallardan hazırlanır. Əksər hallarda isə brend cinslərin markaları astara tikilmiş olur.

Yun jaketlərdə daha çox problemlər müşahidə edilir. Belə jaketlərin etiketlərində yazılır ki, həmin parçalar 100% pambıqdandır. Aparılan tədqiqatlar göstərir ki, etiket üzərində tam pambıq yazılsada bu cinslər heç də tam pambıq parçadan deyil. Pambıq jaketlərə sintetik materiallar qarışdırılır. İstehlakçılar həmin malın sapını çəkib, yandırmaqla onun spesifik qoxusunu bilməklə keyfiyyətə əmin ola bilərlər.

E.Hüseynovun sözlərinə görə, istehlakçılar öz hüquqlarını bilməlidirlər. Onlar satıcıdan malın bütün sənədlərini, onun gigiyenik sertifikatını, mənşə sertifikatını, qiymət sənədlərini tələb edə bilərlər: "Əgər alınan mal istehlakçının tələbini ödəməzsə 14 gün müddətində onu dəyişə və geri qaytara bilər. İstehlakçılar haqqında qanunun 15.1, 15.2 maddəsinə görə, bu hal istehlakçının hüququdur. Lakin bu zaman malın keyfiyyəti pozulmamış olmalıdır, həmçinin malın yarlığı, kassa çerki, istehlakçının üzərində olmalıdır. Bəzən mağazalarda endirimlə satılan mallar geri qaytarılmır kimi ifadələrə rast gəlirik. Belə hallar yol verilməzdir. Qanun bütün hallarda istehlakçının hüquqlarını qoruyur".

Ruqiyyə Cəfərova

Bütün xəbərlər Facebook səhifəmizdə