"Əsas problem vəsaitdən gəlir əldə etmək yox, onu..."

"Əsas problem vəsaitdən gəlir əldə etmək yox, onu..."

Azərbaycan Hesablama Palatası (AHP) gələn il Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərin artırılmasını və büdcə gəlirlərinin formalaşmasında ARDNF-in vəsaitlərindən geniş istifadəni dəstəkləyir. SİA-nın məlumatına görə, bunu AHP-nin sədri Heydər Əsədov Milli Məclisin plenar iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın valyuta ehtiyatları 2 illik büdcənin həcminə yaxınlaşır və onların özü də optimallaşdırılmalıdır: "Çünki hazırda əsas problem vəsaitdən gəlir əldə etmək yox, onu qoruyub saxlamaqdır. Ona görə də, son illər yığım praktikası deyil, ehtiyatların infrastruktur layihələrinə yönəldilməsi tətbiq edilir. Belə layihələrə ehtiyac varsa, onların maliyyələşdirilməsi vəsaitlərin aşağı faizlərlə yerləşdirmədən qat-qat üstündür".

Palata sədri qeyd edib ki, Azərbaycan vəsaitlərini ən etibarlı, reytinqli şirkətlərdə saxlayır, ancaq təcrübə göstərir ki, hətta belə şirkətlərin də müflisləşmə ehtimalı mövcuddur: "Buna görə də Hesablama Palatası Neft Fondundan büdcəyə transfertlərin artımını dəstəkləyir və bu vəsaitlərlə sahibkarlığı dəstəkləməklə və indi büdcədən maliyyələşən təşkilatların bir hissəsini özəl sektora keçirməklə daha böyük fayda götürmək olar".

Hesablama Palatasının başçısı həmçinin diqqətə çatdırıb ki, gələn il Azərbaycanda Sahibkarlığa Kömək Milli Fonduna dövlət büdcəsindən 150 mln. manatın ayrılması nəzərdə tutulur. Bunun nəticəsində 2013-cü ildə Fondun məcmu kredit portfeli 920 mln. manata çatacaq. Bununla yanaşı, büdcədən İpoteka Fonduna 40 mln. manat ayrılacaq və bununla da güzəştli ipoteka kreditləşməsinin ümumi həcmi 400 mln. manata çatdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə