"Avropa dövlətlərinin bir çoxunun iqtisadi problemlərlə mübarizə apardığı bir dövrdə Azərbaycanın dövlət büdcəsinin gəlir və xərcləri artıb. İpoteka Fonduna 2012-ci illə müqayisədə 2013-cü ildə 2 dəfə çox vəsait ayrılıb". SİA-nın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə keçirilən gələn ilin büdcə müzakirəsinə həsr olunan plenar iclasda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, əsaslı xərclər 1,3 faiz artıb, cari xərclər isə 1,4 faiz azalıb: "Gələn il büdcəsində sosial xərclər 7,1 faiz artıb. 2013-cü ilin dövlət büdcəsində məktəbəqədər təhsilin maliyyələşdirilməsi, ümumtəhsil məktəblərin tədris laboratoriyaları üçün avadanlıqların alınması da əksini tapıb. Xroniki böyrək çatışmazlığı ilə bağlı 25 milyon manat, irsi qan xəstəlikləri ilə bağlı büdcədə 21,2 milyon manat, xərçəng xəstəliyi ilə mübarizə üçün 25,1 milyon manat, şəkər xəstələri ilə bağlı 33,7 milyon manat ayrılıb".
Gələn ilin büdcəsində yolların tikintisi, əsaslı təmiri ilə bağlı 512 milyon manatın ayrılması nəzərdə tutulur: "Beynəlxalq təşkilatlara üzvlüklə bağlı 113 milyon manat, səfirlərin maaşını artırmaq üçün 61 milyon manat ayrılacaq. Azərbaycanda beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsinə 50 milyon manat xərclənəcək. Bələdiyyələrə dövlət dəstəyi kimi dotasiya şəklində 5,2 milyon manat ayrılacaq. Xarici borclanma 62,5 faiz azaldılaraq 750 milyon manat təşkil edəcək".
Samir Şərifov icmal büdcənin gəlir və xərclərini də açıqlayıb. Gələn il icmal büdcənin gəlirləri 20 milyard 723 milyon manat, xərcləri 24 milyard 460 milyon manat olacaq.
Maliyyə naziri onu da vurğulayıb ki, gələn ilin dövlət büdcəsinin gəlirləri 19 milyard 154 milyon manat və ya 2012-ci ilin praqnozuna nisbətən 12,4 %, keçən ilin faktiki icrasına nisbətən isə 22 % çox nəzərdə tutulur.
Vergilər nazirliyi tərəfindən 2013-cü ildə dövlət büdcəsinə 6 milyard 400 milyon manatın daxil olması nəzərdə tutulub ki, bu da 2012-ci ilin göstəricilərinə nisbətən 8,3 % və yaxud 488,4 milyon manat çox daxilolmalar nəzərdə tutulub. Keçən ilin faktiki icrasına nisbətən isə 17 % çox deməkdir.
Gömrük komitəsi xətti üzrə isə 2013-cü ilin dövlət büdcəsinə 1 milyard 380 milyon manat gəlirlərin verilməsi praqnozlaşdırılır. Bu da cari illə müqayisədə 5 % çoxdur. Keçən ilin faktiki icrasına nisbətən isə 20,9 % artıqdır. Dövlət Neft Fondunun dövlət büdcəsinə transferi 11 milyard 350 milyon manat məbləğində hesablanıb. Keçən illə müqayisədə 1 milyard 445 milyon manat çoxdur.
"Gələn il dövlət büdcəsinin xərcləri 19 milyard 810 milyon manat məbləğində nəzərdə tutulub ki, bu da bu ilə nisbətən 12, 1 % çoxdur. Keçən ilin faktiki icrasına nisbətən isə 28,7 % çox deməkdir", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB