Bu gün Xəzər- Avropa İnteqrasiya İşgüzar Klubu "Azərbaycanda turizmin inkişafı" mövzusunda tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Xəzər Avropa İnteqrasiya İşgüzar Klubunun prezidenti Telman Hacıyev qurum haqqında qonaqlara ətraflı məlumat verib.
Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev çıxışında vurğulayıb ki, turizm sahəsi ölkəmizdə yeni inkişaf etməyə başlayır: "Son 6-7 il olar ki, Azərbaycan turizm sahəsində öz sözünü deyir. Buna baxmayaraq, bir çox nailiyyətlər qazanmışıq. Hazırda Azərbaycanda 508 mehmanxana fəaliyyət göstərir. Onlardan 70 %-i artıq lisenziya alıb. 30 %-nə isə hələ də lisenziya verilməyib. Buna səbəb onların müəyyən sənədlərinin qaydada olmamasıdır".
A.İsmiyev onu da əlavə edib ki, 2010-cu ildə reginolarda yay mövsümündə istirahət edənlərin sayı 190 mindən çox idisə, bu rəqəm keçən il 231 min 259 nəfər, 2012-ci ildə isə 353 min 225 nəfərə çatıb: "Onu da xüsusi qeyd edim ki, hazırda regionlarda 50-yə yaxın mehmanxana tikilməkdədir".
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov isə qeyd edib ki, ölkəmizə təşrif buyuran xarici turistlərin ilk müraciət etdikləri məkan da məhz bulvardır: "Bu səbəbdən bulvarımızın ərazisinin günü-gündən abadlaşdırılması üçün işlər həyata keçiririk. Bildiyiniz kimi, yaxınlarda bulvar ərazisi daha da genişləndirilib".
Qeyd edək ki, tədbirdə həmçinin bir çox turizm şirkətlərinin nümayəndələri də iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB