Beyləqanda Aran iqtisadi rayonunun imkanları

Beyləqanda Aran iqtisadi rayonunun imkanları

Şahin Mustafayev regionda görülən işlər barədə məlumat verib

Bu gün Beyləqanda Heydər Əliyev Mərkəzinin açılışı zamanı dövlət başçısı İlham əliyev Aran iqtisadi rayonunun sosial-iqtisadi göstəriciləri ilə tanış olub. SİA-nın AzərTAc-a istinadən verdiyi məlumata görə, iqtisadi inkişaf naziri Şahin Mustafayev Aran iqtisadi rayonunun iqtisadi potensialı, göstəriciləri, sosial və infrastruktur layihələri, istehsal və emal müəssisələri və digər görülmüş işlər, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə verilmiş güzəştli kreditlərin dinamikası, yaradılmış yeni iş yerləri, maliyyələşdirilmiş müasir texnologiyaların tətbiqinə əsaslanan layihələr barədə məlumat verib.

Bildirilib ki, Fond tərəfindən indiyədək 14 min 600-dən çox sahibkara 910 milyon manatdan çox güzəştli kredit verilib. Bu kreditlər hesabına 103 mindən çox iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlərin 63 faizi aqrar sektorun, 33 faizi sənayenin, 4 faizi isə turizmin payına düşür.

Bildirilib ki, Fond vasitəsilə müasir texnologiyaların tətbiqinə əsaslanan 236 layihənin maliyyələşdirilməsinə 460 milyon manat kredit verilib. Dövlətin güzəştli kreditləri hesabına rəqabətqabiliyyətli və ixrac yönümlü məhsullar istehsal edən kiçik və orta qeyri-neft sənaye müəssisələrinin yaradılması respublikanın müxtəlif yeyinti və digər sənaye məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi ilə yanaşı, ölkənin ixrac potensialının artırılmasında mühüm əhəmiyyətə malikdir.

Respublikada ərzaq təhlükəsizliyini davamlı olaraq gücləndirmək məqsədi ilə dövlət torpaq fondu hesabına ölkə ərazisində iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması barədə dövlətimizin başçısının tapşırıqlarının icrasını təmin etmək məqsədilə Ağcabədi və Beyləqan rayonlarının ərazilərində 4800 hektar qış otlaq sahələrində özəl pilot taxılçılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulub. Bununla əlaqədar, torpaqların təyinatı dəyişdirilib, dövlət investisiyaları hesabına su və enerji təminatı yaradılıb, kompleks meliorativ tədbirlər görülüb, müsabiqə vasitəsilə qalib şirkət seçilib. Müsabiqədə qalib gəlmiş "Qarabağ Taxıl" MMC tərəfindən ərazi təmizlənmiş, müasir texnologiyaların tətbiqi ilə şumlama və digər aqrotexniki tədbirlər görülüb. Təsərrüfatda ildə 25 min tondan artıq taxıl istehsalı nəzərdə tutulur. Bununla yanaşı, tutumu 30 min tonluq taxıl anbarı, min başlıq heyvandarlıq kompleksi, bitki yağları zavodu, "Aqroservis" yaradılacaq, eləcə də növbəli əkin sisteminin təmin edilməsi məqsədilə digər kənd təsərrüfatı bitkilərinin də əkilməsi nəzərdə tutulur. Layihənin həyata keçirilməsi nəticəsində 350-dən artıq yerli sakin, xeyli sayda məcburi köçkün işlə təmin olunacaqdır.

Sonra Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzinin akt zalında Aran iqtisadi zonasından olan sahibkarlarla müşavirə keçirilib.

Dövlətimizin başçısı müşavirədə giriş nitqi söyləyib.

İqtisadi inkişaf naziri Şahin Mustafayev, "Qarabağ Taxıl" müəssisəsinin rəhbəri Rəcəb Orucov, "Araz" damazlıq quşçuluq fabrikinin rəhbəri Əlif Heydərov və Füzuli soyuducu anbarının rəhbəri Aydın Hüseynov məruzələrlə çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə