"Bu heç kimi qorxutmamalıdır"

Natiq Əliyev "bp- Azerbaijan" şirkətinin ünvanına səslənən iradlarla bağlı məsələyə münasibətini açıqlayıb

Sənaye və energetika naziri Natiq Əliyev Azərbaycanda neft hasilatının azalması və "bp- Azerbaijan" şirkətinin ünvanına səslənən iradlarla bağlı məsələyə münasibətini açıqlayıb. O bildirib ki, yataqlar blokunda hasilatın səviyyəsinin son illər ərzində azalması bu yataqlarda hasilat aparan konsorsiumun operatoru olan "bp-Azerbaijan" tərəfindən əsaslandırılmalıdır.

"BP-Azerbaijan" şirkəti azalmanı aparılan texniki tədbirlərlə əlaqələndirir. Digər tərəfdən hər bir yatağın işlənməsinin elmi əsasları olmalıdır. Bu azalmanın səbəbləri ilə bağlı konkret diaqnoz qoyulmalı və lazımi tədbirlər görülməlidir", - deyə nazir vurğulayıb.

Bununla yanaşı, N.Əliyev qeyd edib ki, neft hasilatının azalması heç kimi qorxutmamalıdır. Lakin bu cür əhəmiyyətli azalma anormaldır. Bunu aydınlaşdırmaq, prosesə geniş elmi dairələri cəlb etmək və yaranmış vəziyyətdən çıxış yolu tapmaq lazımdır. Natiq Əliyev Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda neftin hasilat həcmlərinin artırılması üçün yeni quyuların qazılmasının tələb olunduğunu xüsusi vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə