Azərbaycan-Sloveniya biznes forumu keçirilib

Azərbaycan-Sloveniya biznes forumu keçirilib

Sentyabrın 19-da Azərbaycanda səfərdə olan Sloveniya Respublikasının Baş nazirinin müavini, İqtisadi İnkişaf və Texnologiya naziri Radovan Zerjavın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət etmiş, məzarı üzərinə çiçək dəstələri düzüblər. Sloveniya nümayəndə heyəti həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib.

Sloveniya Respublikasının Baş nazirinin müavini, İqtisadi İnkişaf və Texnologiya naziri Radovan Zerjavın rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadi İnkişaf naziri Şahin Mustafayevlə görüşüb. Görüşdə Nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, qazanılmış uğurlar barədə məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkədə möhkəm siyasi və makroiqtisadi sabitlik, davamlı və dayanıqlı iqtisadi inkişaf təmin olunmuş, əlverişli biznes və investisiya mühiti yaradılıb. 2004-2011-ci illərdə ÜDM 3 dəfə, sənaye istehsalı 2,7 dəfə, dövlət büdcəsinin gəlirləri 13 dəfə artmış, yoxsulluq səviyyəsi 5,9 dəfə azalıb. Hazırda ölkənin valyuta ehtiyatları xarici dövlət borcunu təqribən 10 dəfə üstələyir. Ölkənin sosial-iqtisadi inkişafında özəl sektorun rolunun artdığını vurğulayan nazir Şahin Mustafayev ÜDM istehsalının 80%-dən çoxunun özəl sektorun payına düşdüyünü bildirib. Qeyd edilmişdir ki, Azərbaycan və Sloveniya arasında əməkdaşlıq inkişaf edir, yüksək səviyyəli səfərlər, keçirilən görüşlər ikitərəfli iqtisadi əlaqələrin genişlənməsində xüsusi əhəmiyyət kəsb edir. Görüşdə Azərbaycan və Sloveniya arasında iqtisadi əməkdaşlığın inkişafı, ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu, iş adamları arasında əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycanda yaradılacaq xüsusi iqtisadi zonalarda Sloveniya şirkətlərinin iştirakı imkanları müzakirə olunub.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən Sloveniya Respublikasının Baş nazirinin müavini, İqtisadi İnkişaf və Texnologiya naziri Radovan Zerjav Azərbaycanın davamlı iqtisadi inkişafının ölkəsində maraqla izləndiyini diqqətə çatdırıb, Sloveniya və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Həmin gün Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan-Sloveniya biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, qida sənayesi, tikinti, turizm, İKT, maliyyə, logistika və s. sahələrdə fəaliyyət göstərən 50-ə yaxın iş adamı iştirak edib.

Qonaqları salamlayan İqtisadi İnkişaf naziri Şahin Mustafayev Azərbaycanın Cənubi Qafqazın siyasi, iqtisadi və mədəni mərkəzi olduğunu vurğulayıb, yaradılmış əlverişli biznes və investisiya mühiti nəticəsində Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə artdığını qeyd edib, ölkəmizin artan iqtisadi imkanları nəticəsində investisiya ixracatçısına çevrildiyini diqqətə çatdırıb. Nazir Şahin Mustafayev ölkələrin investisiya imkanlarına dair təqdimatların, eləcə də biznes forum və işgüzar görüşlərin sahibkarlar arasında əlaqələrin daha da genişlənməsində, ikitərəfli ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olduğunu vurğulamış, iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Sloveniya Respublikasının Baş nazirinin müavini, İqtisadi İnkişaf və Texnologiya naziri Radovan Zerjav çıxışında hər iki ölkənin böyük iqtisadi potensiala malik olduğunu və mövcud imkanlardan səmərəli istifadənin, eləcə də iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin Sloveniya və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağını qeyd edib, Azərbaycan sahibkarlarını Sloveniyada həyata keçirilən investisiya layihələrində iştiraka dəvət edib.

Tədbirdə AZPROMO-nun rəhbəri vəzifəsinin icraçısı Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya imkanlarına dair təqdimatla çıxış edib.

Sloveniyanın İqtisadi İnkişaf və Texnologiya Nazirliyinin Turizm və Beynəlxalq Əlaqələr üzrə direktoru Marjan Hribar isə təmsil etdiyi ölkənin investisiya imkanları və bu sahədə mövcud layihələr barədə məlumat verib.

Tədbirdə iş adamlarını maraqlandıran suallar cavablandırılıb.

Sloveniya Respublikasının Baş nazirinin müavini, İqtisadi İnkişaf və Texnologiya naziri Radovan Zerjavın rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra dövlət qurumlarında da görüşlər keçirib. Sloveniya nümayəndə heyəti səfər çərçivəsində Dövlət Bayrağı Meydanı və "İçəri şəhər"lə də tanış olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə