Qarxun kəndində yeni məktəb binası

Son 16 ildə Naxçıvan MR-də ən müasir avadanlıqlarla təchiz olunmuş 180-dan çox təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Hazırda Şərur rayonunun Qarxun kəndindəki tam orta məktəbin binası yenidən qurulur. 504 şagird yerlik olacaq məktəb binası zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Burada 29 sinif otağı, 2 elektron sinif, 2 kompyuter otağı, 3 labaratoriya, hərbi kabinə yaradılacaq. Zirzəmidə qarderob, kitabxana, yeməkxana, soyunub-geyinmə yerləri fəaliyyət göstərəcək.

Məktəb binasında əlavə iki korpus və idman zalı tikilib. Tikintisinə bu ilin aprel ayından başlanılan məktəb binasında işlər sürətlə və keyfiyyətlə aparılır. Hazırda suvaq, travertin döşəmə işləri görülür.

Qeyd edək ki, Qarxun kənd tam orta məktəbi Naxçıvan MR-in qabaqcıl təhsil müəssisələrindəndir. 2011-2012-ci tədris ilində bu məktəb "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsinin qalibi olub. Burada məktəb binasının yenidən qurulması tədrisin keyfiyyətinin daha da yüksəldilməsinə şərait yaradacaq.

Kənddə eyni zamanda xidmət mərkəzi də tikilir. 1 mərtəbədən ibarət olan xidmət mərkəzində ərzaq və təsərrüfat malları mağazaları, ət dükanı, bərbər, gözəllik salonu və ayaqqabı təmiri sexi fəaliyyət göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə