Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimovun adını daşıyan Biləsuvar liseyinin məzunlarını və müəllim heyətini qəbul edib. Mərkəzi Bank mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Mərkəzi Bankın sədri M.İbrahimov adına Biləsuvar Liseyinin ilk məzunlarını təbrik edib. Liseyin məzunlarını və müəllim heyətini salamlayan E.Rüstəmov bildirib ki, ölkəmizdə təhsil səviyyəsinin yüksəldilməsi və təhsilin inkişafına Prezident İlham Əliyev böyük önəm verir. Bununla əlaqədar son illərdə ölkədə təhsil sisteminin infrastrukturu əhəmiyyətli dərəcədə müasirləşdirilmiş, qabaqcıl beynəlxalq təcrübə və təhsil texnologiyaları tətbiq olunmağa başlanıb.
Görüşdə çıxış edən Liseyin icraçı direktoru Anar Məmmədov təhsil müəssisəsinin fəaliyyət göstərdiyi müddət ərzində əldə etdiyi uğurlardan danışıb. O bildirib ki, 2011/2012-ci tədris ilində Liseydə 121 şagird təhsil alıb, bunlardan 23 nəfəri məzun olub. Liseyin ilk məzunlarının hamısı bu il ölkənin ən nüfuzlu ali təhsil məktəblərinə daxil olaraq qarşıya qoyulmuş əsas hədəf – 100%-lik qəbulu təmin ediblər. Abituriyentlərin 18 nəfəri (78%) dövlət sifarişi əsasında olan ixtisaslara qəbul olunub, lisey məzunlarının TQDK imtahanlarında topladıqları orta bal 518,6 təşkil etməklə ölkənin ən qabaqcıl dövlət və özəl tam orta təhsil müəssisələri arasında ən yüksək nəticələrdən biri olub. Lisey yerləşdiyi Biləsuvar rayonunda yeganə tam orta təhsil müəssisəsidir ki, məzunlarından 4 nəfəri 600-dən çox (620-666) bal toplayıb.
Öz növbəsində sədr E.Rüstəmov Liseyin ilk məzunlarının hamısının ali məktələrə qəbul zamanı yüksək nəticə göstərməsi, məktəbin qısa müddətdə əldə etdiyi digər uğurlara imza atması və qarşıdan gələn yeni dərs ilinin başlanması münasibəti ilə bütün kollektivi təbrik edərək, bundan sonra da daha böyük nailiyyətlər qazanacaqlarına əminliyini bildirib. E.Rüstəmov Mərkəzi Bankın təşəbbüsü ilə yaradılan Liseyin məzunlarının əksəriyyətinin ödənişsiz əsaslarla ali məktəblərə qəbul olunmasını regionlarda da təhsil potensialının yüksək olması kimi qiymətləndirib.
Görüşün sonunda ali məktəblərə qəbul olunan məzunlara hədiyyələr təqdim edilib.
Qeyd edək ki, Mərkəzi Bankın ən böyük korporativ sosial məsuliyyət (KSM) layihəsi olan Milli Qəhraman Mübariz İbrahimovun adını daşıyan müasir məktəb-lisey kompleksi 18 oktyabr 2010-cu il tarixindən fəaliyyətə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB