Xarici şirkətlərin banklara inamı çox yüksəkdir MÖVQE

Aydın Hüseynov: "Banklar rəqabətliyini göstərə bilmirsə, fəaliyyətini dayandırmalıdır"
Xarici şirkətlərin banklara inamı çox yüksəkdir MÖVQE

"Banklar iqtisadiyyatın qan-damar sistemini təşkil edir. Ona görə də iqtisadiyyatda gedən bütün proseslər bankda özünü əks etdirir". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Aydın Hüseynov deyib.

İqtisadçı-ekspert bildirib ki, bu gün ölkədə maliyyə-bank sistemi çox yüksək səviyyədə formalaşıb və müasir tələbələrə uyğun şəkildə öz işini davam etdirir. A.Hüseynovun sözlərinə görə, bankın birbaşa xüsusiyyətlərindən biri də odur ki, həm fikizi, həm də hüquqi şəxlərlə mütəmadi əlaqədə olur və onlara xidmət göstərir.

Bəzi bankların fəaliyyətinə gəlincə, A.Hüseynov əlavə edib ki, müəyyən neqativlərə görə "Royal Bank"ın fəaliyyəti üçün verilən lisenziya ləğv edilib: "Bütün banklara nəzarət mexanizmi Milli Banka məxsusdur. Bankların özünün də müəyyən öhdəlikləri var. "Royal Bank"ın lisenziyası ləğv olunarkən Mərkəzi Bank bütün bu səbəbləri əvvəlcədən mətbuatda izah etdi, bir çox səbəblərlə yanaşı o, öz müştəriləri qarşısında götürdüyü öhdəlikləri də yerinə yetirə bilmirdi".

İqtisadçı-ekspert əlavə edib ki, Azərbaycanda fəaliyyət göstərən bankların tam əksəriyyəti, yalnız Beynəlxalq Bankdan başqa hamısı səhmdar-kommersiya banklardır: "Onların arasında güclü rəqabət var. Ölkəmizdə özəl sektor inkişaf etdikcə, ümumilikdə iqtisadiyyat artdıqca bankların üzərilərinə düşən yük də artır. Artıq banklar ölkə daxilində deyil, ölkədən kənarda da böyük dövriyyələr həyata keçirir. Bu rəqabətə dözməyən bankların fəaliyyəti müştəriləri qane etmirsə, rəqabətliyini göstərə bilmirsə, onlar bu və ya digər formada fəaliyyətini dayandırmalıdır.

Ümumilikdə, bu gün ölkənin bank sektoru yüksək səviyyədə inkişaf edib, artıq insanların, hüquqi və fiziki şəxslərin, eləcə də ölkədə fəaliyyət göstərən xarici şirkətlərin banklara inamı çox yüksəkdir. Əgər statistikaya nəzər salsaq, görərik ki, əhali tərəfindən banklara qoyulan əmanətlərin həcmi getdikcə daha da artır. Bu isə həm əhali tərəfindən banka olan etibarlılıq, eyni zamanda onların özünün yaxşı fəaliyyətinin bariz nümunəsidir. Bu rəqabətə dözməyən bankların isə lisenziyası ilə bağlı problemləri yarana bilər. Ancaq bu gün ölkəmizin bank sektoru həm şəffaflıq, həm rəqabətə dözümlük, həm də müasir bank və maliyyə əməliyyatlarının aparılması baxımından bütün keyfiyyətlərə malikdir".

Bütün xəbərlər Facebook səhifəmizdə