Vüqar Bayramlı: “Türkmənistanın Azərbaycanla münaqişəsi Transxəzər layihələri ilə bağlıdır”-AÇIQLAMA
Azərbaycan və Türkiyə arasında TANAP layihəsinin imzalanmasından sonra Tranasxəzər layihələri də gündəmə gətirildi. Təbii ki, bu enerji layihələri Avropa İttifaqının maraqları əsasında prioritet mövzuya çevrildi. Qeyd edək ki, illik həcmi 50 milyard kubmetr olan TANAP layihəsinin Türkiyə üçün böyük əhəmiyyəti var İqtisadçı ekspert Vüqar Bayramlının SİA-ya verdiyi məlumata görə, TANAP layihəsinin Avropanın enerji təhlükəsizliyində ciddi əhəmiyyəti yoxdur. Bu layihə Şərqi Avropanın bir neçə ölkəsində mühüm rol oynaya bilər. Onun sözlərinə görə, NABUKKO-dan fərqli olaraq TANAP-ın ötürmə qabiliyyəti 150 milyard kubmetrdir: \"Azərbaycanın bu layihəni imzalamaqda bir nömrəli məqsədi qardaş Türkiyənin qazla təminatında ciddi işlər görməkdir. Avropa isə TANAP layihəsini yüksək qiymətləndirməsinə baxmayaraq Transxəzər layihələrinin çəkilməsini çox istəyir. Ona görə ki, Avropa NABUKKO vasitəsi ilə ildə 8 milyard kubmetr mavi qazın əsas hissəsini Avropaya nəql etməyi düşünür. Əgər NABUKKO layihəsi icra olunsa, onun yalnız 30 faizi Türkiyəyə veriləcəkdi, digər 70 faizi Mərkəzi Şərqi Avropanın ehtiyaclarına sərf oluncaqdı. Bu baxımdan Avropa İttifaqı prezidentinin regiona səfəri ilə Transxəzər layihəsinin reallaşması yenidən gündəmə gətirildi. Transxəzər layihələrinin əsas iştirakçısı hesab olunan Türkmənistan ilk olaraq bu layihənin baş tutmasında razılığı bildirsə də sonradan bu məsələdən yayınmaq üçün Azərbaycanla münaqişə yoluna əl atdı. Türkmənistanla Azərbaycan arasında baş verən gərginlik praktik olaraq rəsmi Aşqabadın rəsmi Bakıdan ölkəmizə məxsus yataqları iddia etməsi ilə bağlıdır\".
Vüqar Bayramlının sözlərinə görə, bu yataqlar sovet dövründə belə Azərbaycan tərəfindən istismar olunurdu: \"Əvvəldə qeyd etdiyimiz kimi, Azərbaycan-Türkiyə TANAP anlaşmasından və transxəzər layihəsi gündəmə gəldikdən sonra suni olaraq münaqişə yaradıldı. Bütün hallarda bu yataqların Azərbaycana məxsus olması beynəlxalq konvensiyalara görə və keçmiş SSRİ ilə İran arasında 1942-ci ildə bağlanmış Xəzərin Statusu ilə bağlı anlaşmaya uyğundur. Bu baxımdan Türkmənistanın yataqlar ətrafında yaratdığı qalmaqal əslində qərbin diqqətini Transxəzər layihəsindən uzaqlaşdırmağa hesablanıb\". İqtisadçı ekspertin fikirincə, Türkmənistan Transxəzər layihəsində iştiraka heç vaxt meyilli olmayıb. Çünki rəsmi Aşqabada Rusiyanın təzyiqi kifayət qədərdir. Moskvanın təzyiqi olduğu üçün Türkmənistan Rusiyadan kənar keçən layihələrdə iştirak etməkdə könüllü deyil.
Vüqar Bayramlı həmçinin əlavə edib ki, Azərbaycan TANAP layihəsini imzalamaqla strateji addım atıb: \"Layihənin stratejiliyi ondan ibarətdir ki, Transxəzər layihələrindən fərqli olaraq Rusiyanı qıcıqlandırmır. Rəsmi Moskva TANAP layihəsinin baş tutmasına qarşı deyil. Amma Moskva Tranxəzər layihəsinin baş tutmasına qarşı olduğunu bildirib. Bundan başqa Azərbaycan öz qazını regiondakı bazar qiymətinə uyğun olaraq Türkiyəyə satır. Azərbaycan mavi qaz gəlirlərində manevr edir. Faktiki olaraq mavi qaz gəlirlərində artımlar olur. Digər bir səbəb isə odur ki, Azərbaycan və Türkiyə arasındakı starteji əməkdaşlıq güclənir. TANAP layihəsindən fərqli olaraq Azərbaycan Tranxəzər layihələrində əsas aktor ola bilməz. Nəzərə almaq lazımdır ki, "Şahdəniz"in 2-ci fazasından hasil ediləcək qaz TANAP-a nəql olunacaq. Hal-hazırda Azərbaycanın illik mavi qaz hasilatı 26 milyard kubmetrdir. "Şahdəniz"in 2-ci fazası istifadəyə verildikdən sonra 45 milyard kubmetrədək yüksələcək\",- deyə Vüqar Bayramlı bildirib. O qeyd edib ki, yaxın gələcəkdə Azərbaycanın qaz hasilatında yenidən artım olacaq: \"Belə ki, Abşeron qaz yatağı istifadə verildikdən sonra ölkəmizin qaz hasilatı illik 70 - 80 milyard kubmetrədək yüksələcək. Amma nəzərə alaq ki, 2017-ci ildən başlayaraq 2022-ci ildə Abşeron yatağından mavi qaz hasilatına başlanacaq. Beləliklə, indiki mərhələdə Azərbaycanın TANAP-da iştirak etməsi yetərlidir\".
Vüqar Bayramlının sözlərinə görə, 2017-ci ildə Azərbaycan mavi qaz hasilatını 45 milyard kubmetrə çatdırmağı planlaşdırır. \"Qeyd edək ki, Azərbaycan Transxəzər layihələrində iştirak etsə, yeni kəmərin çəkilməsi üçün 14 milyon avro vəsait xərcləməlidir. Bu səbəbdən də Azərbaycan yeni layihəyə iqtisadi baxımdan maraqlı deyil. Bir nüansı da qeyd etmək lazımdır ki, Türkmənistan iştirak etmədiyi üçün Transxəzər layihələri reallaşa bilməz. Çünki Türkmənistanın mavi qaz ehtiyatları praktiki olaraq Orta Asiya ölkələri arasında çoxdur. Türkmənistanın həm kəşf edilən, həm kəşf edilməyən yataqlarını nəzərə alsaq, Avropanı mavi qazla təmin etmək imkanına malikdir. Türkmənistanın kəşf edilmiş mavi qaz ehtiyatları 26 trliyon kubmetrdir. Yəni Türkmənistan kəşf edilmiş mavi qaz ehtiyatlarına görə, Rusiya və İrandan geri qalır. Qeyd edək ki, Rusiyada 55 trilyon, İranda isə 33, 6 trilyon kubmetr qaz rezervi var. Baxmayaraq ki, Azərbaycan kəşf edilmiş mavi qaz ehtiyatlarına görə, dünyada 7-ci ölkədir və ölkəmizdə 6-trilyon kubmetr mavi qaz ehtiyatları var. Lakin Türkmənistanın qoşulması Tranxəzər layihəsindəki tərəfadaşların sayınıda artıra bilər. Belə ki, Türkmənistanın iştirakı ona görə vacibdir ki, daha sonra hazırda 3,2 triliyon qaz ehtiyatı olan İraq qoşulsun\". Vüqar Bayramlı qeyd edib ki, Türkmənistandan fərqli olaraq Qazaxıstanın Transxəzər layihəsinə qoşulmasında ciddi problem yoxdur: \"Yalnız Türkmənistandan fərqli olaraq Qazaxıstanın qaz rezervi azdır. Qazaxıstan mavi qaz rezervləri 2,2 triliyon kubmetrdir. Bu dünya mavi qaz ehtiyatlarının 1,3 faizini təşkil edir\". İqtisadçı ekspertin fikirincə, Türkmənistan həm Avropaya, həm Asiyaya, həm də Moskvaya qaz ötürmə imkanına malikdir: \"Siyasi yöndən yanaşdıqda Rəsmi Astana Avropaya daha meyillidir. Qazaxıstan başa düşür ki, qaz yalnız iqtisadi yox, həm də siyasi anlaşmadır. Azərbaycanla Qazaxıstan arasında gərginlik yaradacaq məsələdə yoxdur. Artıq hər iki ölkə Xəzərin statusu ilə bağlı anlaşma əldə edib. Qazaxıstan Azərbaycanla Türkmənistandan çox strateji tərəfdaşdır. Amma Rusiyada Putinin iqtidara gəlməsindən sonra Qazaxıstanında Transxəzər layihələrinə mövqeyi bir qədər dəyişib. Bu səbəbdən Qazaxıstan seyirci mövqedə duracaq nə Moskvanın, nə Avropanın yanında olmadığını göstərəcək. Rəsmi Astana rəsmi Bakını dəstəkləyəcək, ancaq bu dəstəkləmə diplomatik yolla olacaq. Çünki Qazaxıstan açıq şəkildə mövqeyini ortaya qoya bilməz\".
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB