Avropa Birliyi Azərbaycan və Türkmənistanla saziş imzalamaq istəyir

Avropa Birliyi (AB) Azərbaycan və Türkmənistanla Tranzxəzər qaz kəmərinin hüquqi bazasına dair saziş imzalamaq istəyir. "RİA Novosti"nin xəbərinə görə, bu barədə AB üzvü olan 27 ölkənin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən görüşünün yekunlarına dair materiallarda bildirilir.


Qeyd olunur ki, AB-nin Azərbaycan və Türkmənistanla Transxəzər qaz kəmərinin hüquqi bazasına dair saziş imzalaması Avropa "Cənub qaz dəhlizi"nin açılmasına mühüm töhfə olacaq.


Xatırladaq ki, ötən il sentyabrın 7-də Avropa Birliyi Transxəzər layihəsi ilə bağlı Azərbaycan və Türkmənistanla danışıqlar aparmaq üçün Avropa Komissiyasına mandat verib. Sentyabrın 13-də Rusiya XİN bəyanatla çıxış edərək bildirib ki, 5 Xəzəryanı ölkə Xəzərin statusunu müəyyənləşdirənə qədər Transxəzər layihəsinin həyata keçirilməsi mümkün deyil. Buna baxmayaraq, Avropa Komissiyası Azərbaycan və Türkmənistanla Transxəzər qaz boru kəmərinin hüquqi bazası üzrə danışıqlara başlayıb.


Transxəzər qaz kəməri təbii qazın Azərbaycan ərazisi vasitəsilə Avropaya nəqli üçün Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək. Tengiz (Qazaxıstan) - Türkmənbaşı (Türkmənistan) - Bakı (Azərbaycan) - Tiflis (Gürcüstan) - Ərzurum (Türkiyə) marşrutu ilə ildə 20-30 mlrd. kubmetr təbii qazın ixracı nəzərdə tutulur. Layihənin dəyəri 7,9 mlrd. avro məbləğində qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...