Qusarda sahibkarlar üçün konfrans keçirilib

Qusarda sahibkarlar üçün konfrans keçirilib

Bu gün Qusarda İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə "Aqrar-sənaye kompleksinin rəqabətqabiliyyətinin artırılması: nailiyyətlər və perspektivlər" mövzusunda konfrans keçirilib. Nazirliyin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, tədbirdə müvafiq dövlət qurumlarının, Quba-Xaçmaz regionu üzrə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi və digər dövlət proqramlarının uğurlu icrası nəticəsində qeyri-neft sektorunun inkişafı daha da sürətlənir, ölkə iqtisadiyyatına investisiya qoyuluşu artır, sahibkarlıq fəaliyyəti genişlənir. Onun sözlərinə görə, aqrar sektorda düşünülmüş strategiyanın reallaşdırılması, müasir texnika və texnologiyaların tətbiqi əsasında intensiv metodlardan istifadənin stimullaşdırılması və dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi bu sahənin rəqabətqabiliyyətinin artırılmasına, məhsul istahsalının genişləndirilməsinə imkan yaradır: "Hazırda ölkəmiz bir çox kənd təsərrüfatı və əsas ərzaq məhsulları ilə özünü yerli istehsal hesabına təmin edir və xarici ölkələrə məhsul ixrac edir".


Z.Qasımov həmçinin, aqrar-sənaye kompleksinin rəqabətqabiliyyətinin artırılması istiqamətində kənd təsərrüfatı məhsullarının istehsalı və emalının beynəlxalq standartlara uyğun olaraq təşkilinin və qabaqcıl təcrübənin tətbiq olunmasının xüsusi əhəmiyyətini diqqətə çatdırıb.


Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov ölkəmizdə quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, bu sahədə sahibkarların rolunun daha da artdığını qeyd edib, Qusarda aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib.


İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov, Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Bəxtiyar Alışov, Sahibkarlığın inkişafı siyasəti şöbəsinin əməkdaşı Zaur Nuriyev və Sahibkarlığa Kömək Milli Fondunun əməkdaşı Camal Məmmədov ölkə rəhbərliyi tərəfindən aparılan məqsədyönlü və düşünülmüş iqtisadi siyasət nəticəsində regionların investisiya potensialının artdığını bildirib, sahibkarlığın inkişafına kompleks dövlət dəstəyi tədbirlərinin həyata keçirildiyini, nəticədə sahibkarlıq fəaliyyətinin genişləndiyini, dövlət proqramlarının uğurla icra olunduğunu, regionlarda infrastruktur, sosial-mədəni, istehsal və emal obyektlərinin yaradıldığını vurğulayıblar. Çıxış edənlər həmçinin, kənd təsərrüfatı məhsullarının istehsalında rəqabətqabiliyyətliyin artırılması, yerli məhsulların potensial ixrac bazarları və bu bazarlara çıxış imkanları barədə məlumat verib, kənd təsərrüfatı məhsullarının xarici bazarlara ixracında "GSP+" proqramının əhəmiyyəti və sahibkarların maarifləndirilməsi istiqamətində görülən işlərdən bəhs ediblər. Z. Nuriyev çıxışında dövlət başçısının tapşırığına uyğun olaraq, ölkə vətəndaşlarının, eləcə də sahibkarların icazələrlə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə www.icazeler.gov.az portalının yaradıldığını, saytın icazəverici sənədlər, onların alınması prosedurları, təqdim edilməli sənədlər barədə sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər və fəaliyyətini genişləndirmək istəyən iş adamları üçün vahid informasiya mənbəyi olduğunu diqqətə çatdırıb.


Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məhəmmədəli Əfəndiyev ölkənin dinamik iqtisadi inkişafında, dövlət proqramlarından irəli gələn vəzifələrin icrasında və sosial məsələlərin həllində sahibkarların yaxından iştirak etdiyini qeyd edib, Azərbaycanda sahibkarlığın inkişafına böyük diqqət və qayğı göstərildiyini vurğulayıb.


Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) nümayəndəsi Mark Bekman təşkilatın həyata keçirdiyi "Azərbaycanda özəl sektorun inkişafına dəstək" layihəsi çərçivəsində görülən işlər barədə məlumat verib. İqtisadi İnkişaf Nazirliyinin Hüquq şöbəsinin müdir müavini Rəşad Mustafayev "Aqrar-sənaye kompleksinin idarə edilməsinin hüquqi aspektləri" mövzusunda təqdimatla çıxış edib.


Nazirliyin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktor müavini Rofət Hüseynəliyev isə çıxışında elmi-tədqiqatların nəticələrindən istifadə etməklə innovasiyalı sahibkarlığın inkişafı və Quba-Xaçmaz iqtisadi rayonunun potensialı barədə məlumat verib, ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə aqrar-sənaye kompleksinin sürətli inkişafının təmin edilməsində elmi araşdırmaların, elmin qabaqcıl nailiyyətlərinin tətbiqinin əhəmiyyətini vurğulayıb.


Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə