Ümumdünya istehlakçı hüquqlarının müdafiəsi günü ilə bağlı tədbir keçirilib
Bu gün "Azərbaycan dövlətinin istehlakçı siyasəti: Hər bir istehlakçının hüquqları təmin edilməlidir" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, konfrans Ümumdünya istehlakçı hüquqlarının müdafiəsi günü ilə bağlı İqtisadi İnkişaf Nazirliyinin yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəisi Zahid İsayev istehlakçı hüquqlarının qorunmasının dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən olduğunu bildirib: "İstehlakçıların hüquqlarının etibarlı müdafiəsinin təmin olunması, istehlak bazarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli mallardan qorunması məqsədilə qurumumuz tərəfindən müxtəlif nəzarət tədbirləri həyata keçirilir. Belə ki, Dövlət Xidməti tərəfindən 2011-ci il ərzində həyata keçirilən monitorinqlər zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötən, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 167,7 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol verən təsərrüfat subyektləri barədə qanunvericiliyə uyğun tədbirlər görülüb".
Zahid İsayev onu da vurğulayıb ki, istehlakçı hüquqlarının müdafiəsi sahəsində mövcud çatışmazlıqların aradan qaldırılması üçün istehlakçılar və sahibkarlar arasında maarifləndirmə işlərinin daha da genişləndirilməsi vacibdir.
Konfransda Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin və digər qurumların nümayəndələri və sahibkarlar çıxış edərək istehlakçı hüquqlarının qorunması sahəsində görülən işlər barədə məlumat verərək, bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması istiqamətində müxtəlif təkliflər səsləndiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB