Azərbaycan və Tacikistan arasında Hökumətlərarası Komissiyanın ilk iclası keçirilib
Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın birinci iclası keçirilib. SİA-nın İqtisadi İnkişaf Nazirliyinə istinadən verdiyi xəbərə görə, iclasda Azərbaycanı iqtisadi inkişaf naziri, Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Nümayəndə heyətinə Nəqliyyat, Sənaye və Energetika, Kənd Təsərrüfatı, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, Dövlət Neft Şirkətinin, "Det-Al" Alüminium Kompleksinin əməkdaşları daxil olub. Tacikistan tərəfdən isə iclasda bu ölkənin iqtisadi inkişaf və ticarət naziri Şarif Rahimzodanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Şahin Mustafayev Azərbaycanda xarici ölkələrlə, o cümlədən Tacikistanla əlaqələrin genişlənməsinə xüsusi önəm verildiyini bildirib. Nazir ölkələrimiz arasında bütün sahələri əhatə edən 20-dən çox sənəd imzalandığını, iqtisadi əməkdaşlığın inkişafı üçün möhkəm müqavilə-hüquqi bazanın yaradıldığını, mövcud iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən Şarif Rahimzoda ölkəsində Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verildiyini, əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əmin olduğunu bildirib.
Komissiyanın iclasında ölkələrimiz arasında sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, turizm, mədəniyyət, ətraf mühitin mühafizəsi və s. sahələrdə əməkdaşlığın inkişafı, iş adamları arasında əlaqələrin gücləndirilməsi məsələləri müzakirə edilib.
İclasın sonunda Azərbaycanla Tacikistan arasında Ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının birinci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Şahin Mustafayev və Şarif Rahimzoda imzalayıblar.
Qeyd edək ki, səfər çərçivəsində Tacikistan prezidenti Emoməli Rəhmon Şahin Mustafayevi qəbul edib. Görüşdə Azərbaycan və Tacikistan arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB