ARDNŞ-nin İnsan Resursları Departamenti mütəmadi olaraq şirkətin müxtəlif idarə və müəssisələrinə işə qəbul üzrə test imtahanları, peşə sınaqları və müsahibələr keçirilir. ARDNŞ-dən SİA-ya verilən məlumata görə, fevralın 4-də əlverişsiz hava şəraitinə baxmayaraq saat 10:00-dan 15:00-dək İnsan resursları Departamenti tərəfindən İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, "Neftqaztikinti" Tresti, Qaz İxrac İdarəsi, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, "Azərneftyağ" Neft Emalı Zavodu, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi, Təhlükəsizlik İdarəsi, "Azneft" İB-də vakansiyalar üzrə müraciət edən namizədlərin test sınaq imtahanları keçirilib. Sənədlərin ilkin seçimi aparıldıqdan sonra keçirilmiş imtahanda 560 nəfər iştirak edib. 30 sualdan ibarət olan testlərdə, 25 sual namizədlərin məntiqi bilik səviyyəsinin yoxlanılmasına, 5-i isə ümumi biliklərin müəyyən edilməsinə aid olub. Test imtahanından əvvəl namizədlərə nəzarətçilər tərəfindən təlimat verilib.
Xatırladaq ki, ARDNŞ-də işə qəbul olunmaq istəyən şəxslər Şirkətin www.socar.az korporativ veb-səhifəsinin "Karyera" bölümünün (karyera.socar.az) "İşə qəbul" bölməsinin "İş axtarışı" panelinə daxil olmalı, bilik və bacarığına uyğun vakansiyanı seçərək vahid elektron müraciət formasını doldurmalıdırlar. Müraciət edən namizədlər vakansiyanın tələblərinə cavab verdikdə, test və ya peşə sınaq imtahanında iştirak edib bu mərhələdən müvəffəqiyyətlə keçdikdən sonra müsahibəyə dəvət olunurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə