Təkrar mənzil bazarında vəziyyət necədir?

Təkrar mənzil bazarında vəziyyət necədir?

2011-ci ilin noyabr ayı ərzində "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyi tərəfindən ilkin mənzil bazarında növbəti monitorinq aparılıb. Birlikdən SİA-ya verilən xəbərə görə, ötən aylarda olduğu kimi alıcıların ipoteka kreditləri imkanlarından yararlana bilmək imkanları, qeydiyyatdan keçən yeni tikililərin sayının nisbətən artması, satış şərtlərində kredit müddətinin uzadılması, ilkin ödənişlərin minimuma endirilməsi və bu kimi digər addımlar bazarın bu seqmentində nisbi aktivliyin saxlanmasına səbəb olub. Amma bu kimi müsbət hallarla yanaşı, problemli MTK-ların sayının artması, tikinti şirkətlərinin bəzilərindəki mövcud süründürməçilik, əqdlərin bağlanmasında əlavə vəsaitin tələb olunması, bir çox hallarda isə ipoteka kreditinə etinasız yanaşmaları, mövsümi amillərlə bağlı olan faktorlar (yeni il qabağı bu istiqamətə diqqətin azalması) potensial mənzil alıcılarını bir qədər də bazardan soyuqlaşdırıb. Alıcıların qarşılaşdıqları problemlərin daha çox da yeni mənzilin təmiri məsələsi, yəni, bəzən bu vəsaitin evin yarı qiymətinə başa gəlməsi və zaman baxımından əlverişsiz olmasıdır ki, bu amillər də yeni mənzillərə olan tələbatın azalmasına gətirib çıxarır.

Noyabr ayında aparılan monitorinq zamanı alqı-satqı agentliklərinə müraciətlərin sayında azalmanın müşahidə edilməsi də bunu deməyə əsas verib. Rieltorların sözlərinə görə, əgər yay aylarında hər bir alqı-satqı ofisinə gün ərzində 4-6 zəng olurdusa, ilin sonuna doğru bu zənglərin sayı 0.8-1.0-a qədər azaldıb. Beləliklə ilin sonuna doğru Bаkı şəhəri üzrə ilkin yaşayış mənzil bаzаrında аrаşdırılmаyа məruz qаlаn hündürmərtəbəli yaşayış binаlаrının sаyı ötən ayda olduğu kimi 424 olaraq qalıb. Tikinti aparan şirkətlərin sayında da heç bir dəyişiklik olmayıb və göstərici ötən aydakı (152 ədəd) kimi qalıb. 2011-ci ilin əvvəlindən ilkin yaşayış mənzil bazarının təklif portfelinin strukturunda, o cümlədən, inzibati rayonların təklif portfelinin pay bölgüsündə baş verən dəyişikliklər noyabrda da özünü büruzə verib. Bazarda təklifin həcmində ay üzrə artım olsa da, il üzrə azalma özünü daha qabarıq göstərib.

"ƏBİ" İB tərəfindən ilkin mənzil bazarında aparılan qiymət monitorinqinin nəticələrinə görə, paytaxt üzrə noyabr ayı ərzində satış üçün təklif оlunmuş mənzillərin оrta qiymətində ötən ayla müqayisədə 1,1% azalma müşahidə edilib. Orta qiymət ötən aydakı 1 kv.metr üzrə 837 manatdan 827,7 manat səviyyəsində qərarlaşıb.

Qiymət fərqi ötən rübün müvafiq dövrü ilə müqayisədə 1,1% azalma təşkil etmiş, ötən illə müqayisədə isə bu fərq 2,4% azalma kimi qeydə alınıb. 2011-ci ilin yanvar ayına nisbətdə qiymət azalması 2,4% təşkil edib. 2008-ci ilin sentyabr ayı (böhran dövrünün başlanğıcı) ilə müqayisədə isə qiymət fərqi 30,7% azalma ilə qeydə alınıb.

Orta qiymətdə 1,1% azalma dəyişikliyi qeydə alındığından ay ərzində qiymət indeksində orta qiymət müvafiq olaraq 3,6 bənd azalıb və 317.1 bəndində qərarlaşıb.

Noyabr ayı ərzində, ötən aylardakı kimi, yеni tikililərdə 3 оtaqlı mənzillər daha çох üstünlük təşkil еdib. 5 оtaqlı mənzillər əsasən şəhərin 1 zоnasında üstünlük təşkil еdir, 1 оtaqlı mənzillər isə daha çох 3-cü zоnanın payına düşür. 1 otaqlı mənzillərin orta sahəsi 60.7 kv.m, 2 otaqlılarınkı 92.1 kv.m, 3 otaqlılarda 131.8 kv.m, 4 otaqlılarda 182.9, 5 otaqlılarda isə 238.3 kv.metr təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə