Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycan Sahibkarlar təşkilatları Milli Konfederasiyasının və Azərbyacanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan – Bolqarıstan biznes-forumu keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycan və Bolqarıstan tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, turizm, tikinti, maliyyə və digər sahələrdə fəaliyyət göstərən 80-ə yaxın iş adamı iştirak edib. Tədbiri giriş nitqi ilə açan iqtisadi inkişaf naziri Şahin Mustafayev qeyd edib ki, əvvəlki illərdə ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış möhkəm iqtisadi zəmin və hazırda Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən genişmiqyaslı tədbirlər nəticəsində Azərbaycan ən dinamik inkişaf edən ölkələrdən birinə çevrilib. Ölkə iqtisadiyyatında qazanılmış nailiyyətlər barədə məlumat verən iqtisadi inkişaf naziri həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə sahibkarlıq fəaliyyətinin genişləndiyini, əlverişli investisiya və biznes mühitinin yarandığını vurğulayıb.
Bolqarıstan Respublikasının İqtisadiyyat, Enerji və Turizm naziri Trayço Traykov isə çıxış edərək, ölkəsinin Azərbaycanla əlaqələrinin genişlənməsində maraqlı olduğunu bildirərək bunun üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd edib. Nazir həmçinin, Azərbaycanın böyük karbohidrogen ehtiyatlarına malik olduğunu və ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynadığını bildirib.
Azərbaycanın iqtisadi imkanlarına dair təqdimatla çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Rüfət Məmmədov ölkəmizin biznes və investisiya imkanları barədə tədbir iştirakçılarını məlumatlandıraraq bolqar iş adamları üçün maraqlı ola biləcək əməkdaşlıq sahələrini qonaqların diqqətinə çatdırıb.
Qeyd edək ki, sonda tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib.
Ceyhun Eyyubov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB