“Neftçilər Günü” ilə bağlı nəşrlərin və sənədli filmin təqdimatı olub - FOTO
Sentyabrın 20-də Bakı Biznes Mərkəzində "SOCAR-2010: təbiətlə harmoniyada" və "SOCAR-plus" nəşrlərinin, həmçinin Azərbaycan neftçisinə həsr olunan "Neft və təsviri sənət" sənədli filminin təqdimatı keçirilib.
SİA xəbər verir ki, tədbirdə Baş nazirin birinci müavini Yaqub Eyyubov, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev, qocaman neftçilər və qonaqlar iştirak ediblər.
20 sentyabr – "Neftçilər Günü" münasibətilə iştirakçıları təbrik edən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib ki, son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmizin neft-qaz sənayesi inkişaf yoluna qədəm qoyub. Şirkətin beynəlxalq əlaqələrindən və gördüyü işlərdən danışan ARDNŞ-in prezidenti qeyd edib ki, ilk dəfə nəşr edilən "SOCAR-plus" forma və məzmunu baxımından yeniliyi ilə diqqəti cəlb edir. Bu nəşr neftçilərimizin fədakar əməyini və qazandığı uğurları Azərbaycan, ingilis və rus dillərində dolğun əks etdirir. İnanıram ki, "SOCAR-plus" Azərbaycanın neft-qaz sənayesinin bugünkü nailiyyətləri haqqında yerli və beynəlxalq ictimaiyyətə ətraflı məlumat verilməsində mühüm vasitə olacaqdır. "SOCAR-2010: təbiətlə harmoniyada" kitabı isə şirkətin ekoloji sahədə həyata keçirdiyi işləri əks etdirir. Bu toplu ARDNŞ tərəfindən ətraf mühitə təsirlərin minimuma endirilməsi üzrə müxtəlif sahələr və səviyyələrdə gördüyümüz işləri əks etdirir. Şirkətimiz çirkli ərazilərin bərpa edilməsi, istehsalat tullantılarının ləğv olunması, mədən torpaqlarının, Bakı buxtasının, Xəzərin dibinin və səthinin təmizlənməsi, yaşıllıqlar salınması məsələlərini daim diqqət mərkəzində saxlayır, böyük ekoloji layihələr həyata keçirir. Dünən açılan "Ekoloji park" da bunun bariz nümunəsidir. Bu kitab ARDNŞ-in ekoloji layihələri haqqında məlumatlarla zəngindir.
"Neft və təsviri sənət" mövzusunda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, "Statoil" şirkəti ilə birgə həyata keçirilən multimedia layihəsindən bəhs edən ARDNŞ-in prezidenti bildirmişdir ki, bu sənədli filmdə XX-XXI əsrlərdə Azərbaycan rəssamları tərəfindən neft mövzusunda yaradılmış və muzeylərimizin fondlarında saxlanılan əsərlərin 3D formatlı rəqəmsal versiyası təqdim edilib.
Peşə bayramları münasibətilə neftçiləri təbrik edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, Azərbaycan neftçilərinin fədakarlığı, bacarığı və istedadı tükənməzdir. Ölkəmizin neft sənayesinin əldə etdiyi uğurlar bizim hamımızı sevindirir. Çox fərəhli haldır ki, bu gün ARDNŞ və "Statoil" tərəfindən Azərbaycanda mədəniyyət sahəsində yeni layihə həyata keçirilməkdədir. Neft sənayesinin qabaqcıl şirkətləri bu gün Azərbaycan mədəniyyətinə yenilik gətirmək arzusu ilə ölkəmizin tanınmış rəssamlarının işlərini müasir texnologiyalarla dünyaya tanıtmaq üçün rəqəmsal şəkildə təqdim etmişlər. Bu sənədli film yaradıcı insanın neft sənayesinə baxışını əks etdirir və bu baxışda hörmət, ehtiram, nikbinlik mövcuddur.
Sonra çıxış edən "Statoil" şirkətinin ictimaiyyətlə əlaqələr üzrə baş müşaviri Nial Qjedron Azərbaycan neftçilərinin peşə bayramı günündə iştirak etməkdən şərəf duyduğunu söyləyib. ARDNŞ və Mədəniyyət və Turizm Nazirliyi ilə birgə həyata keçirilən "Neft və təsviri sənət" layihəsinə sponsorluq etməkdən məmnunluğunu bildirən qonaq bu layihənin, həmçinin neft sərgisinin sənədləşdiriləcəyinə, beləliklə də tariximizin bu möhtəşəm məqamına aid materialların gələcəkdə Azərbaycan Neft Muzeyində fəxrlə əks olunacağına ümidvar olduğunu qeyd edib.
Tədbirdə Azərbaycanın tanınmış rəssamlarının işlərini rəqəmsal şəkildə əks etdirən "Neft və təsviri sənət" sənədli filmi nümayiş etdirilib.
Sonra "Neftçilər günü" münasibətilə Dənizkənarı Milli Parkda konsert olub. Parkda quraşdırılmış səhnədə Azərbaycanın incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış ediblər.
Konsert çərçivəsində Dövlət Neft Şirkətinin müxtəlif nominasiyalar üzrə keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıblar.
Milli Parkda bayram gəzintisi və konsert gecədən xeyli keçənədək davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB