Kənd Təsərrüfatı Nazirliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında müqavilə imzalandı-FOTOSESSİYA
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktor müavini, Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi xanım Fernanda Guerrieri Azərbaycana səfərə gəlib. SİA-nın xəbərinə görə, bu gün Kənd Təsərrüfatı Nazirliyində qonaqla görüş keçirilib. Görüşdə FAO-nun Avropa üzrə 28-ci Regional Konfransı (ARK) və Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının (KTAK) 37-ci sessiyası ilə bağlı müzakirələr aparıb. Adıçəkilən hər iki tədbir 17-19 aprel 2012-ci il tarixlərində Bakıda keçiriləcək. Görüşdə kənd təsərrüfatı naziri İsmət Abbasov bildirib ki, son 5 ildə Azərbaycan iqtisadiyyatında ümumdaxili məhsul bir neçə dəfə artıb. Onun sözlərinə görə, bu inkişaf nəticəsində kənd təsərrüfatı sahəsində də artım müşahidə olunub. Nazir vurğulayıb ki, ölkədə yoxsulluğun səviyyəsi 5 dəfə azalaraq 47%-dən 9,1%-ə düşüb. O qeyd edib ki, ölkədə aclıq təhlükəsinin qarşısını almaq məqsədilə hökumətin dəstəyi ilə mühüm işlər həyata keçirilir.
FAO baş direktor müavini, Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi xanım Fernanda Guerrieri də Azərbaycanın bir çox təbii ehtiyatlara malik ölkə olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycanda əhalisinin məşğulluq baxımından kənd təsərrüfatında payı çox yüksəkdir. Ölkə əhalisinin 38%-i kənd təsərrüfatı ilə məşğul olduğunu deyən qonaq aqrar sahənin inkişafına dövlət başçısı tərəfindən də yüksək diqqətin göstərildiyini deyib.
"Azərbaycan regionun ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynaya bilər. Ölkə kənd təsərrüfatının inkişaf etməsi nəticəsində yardım alan ölkədən yardım verən ölkəyə çevrilib. "İndi Azərbaycan regiondakı digər ölkələrə, o cümlədən Qırğızıstan, Tacikistan, Əfqanıstana, eləcə də Qərbi Afrika ölkələrinə texniki və ərzaq məhsullarının emalı sahəsində yardımlar göstərə bilər" - deyə o əlavə edib.
Tədbirin davamında Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında müqavilə imzalanıb.
Daha sonra kənd təsərrüfatı naziri İsmət Abbasov və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktor müavini, Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Fernanda Guerrieri mətbuat konfransı keçirib və jurnalistləri maraqlandıran sualları cavablandırıblar.
Qeyd edək ki, ARK və KTAK hər iki ildən bir çağırılır və əsas məqsədi növbəti biennium (iki il) üçün region üçün prioritetləri müəyyənləşdirmək və müvafiq iş planının hazırlanmasından ibarətdir. Fransa, Almaniya, İtaliya, Rusiya, Birləşmiş Krallıq və Türkiyə kimi Avropa və Mərkəzi Asiya region ölkələrinin, həmçinin Balkan və Qafqaz ölkələrinin, Özbəkistan və Qazaxıstan kimi qonşu ölkələrin nazirlərinin və yüksək səviyyəli rəsmilərinin iştirakı gözlənilir. İclaslarda FAO-nun növbəti iki ildə region üçün nəzərdə tutulan büdcəsi və kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahələrinin inkişaf etdirilməsi sahəsində region üçün prioritetlər müzakirə ediləcək. Konfransın əsas texniki mövzusu müxtəlif ölkə qrupları üzrə ərzaq təhlükəsizliyinin təhlilinə əsaslanacaq "Regionda ərzaq təhlükəsizliyi üzrə siyasətlər, bu sahədə perspektivlər və çətinliklər" olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB