ARDNŞ-ın şöbə müdiri: “Sentyabrın sonunadək Azərbaycan qazının Türkiyəyə nəqli ilə bağlı danışıqlar başa çatacaq”
Bu ayın sonunadək Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" strukturundan hasil olunan təbii qazın Türkiyəyə nəqli ilə bağlı danışıqların başa çatacağı gözlənilir. SİA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) xarici sərmayələr şöbəsinin müdiri Vaqif Əliyev bildirib: "Bu həftə danışıqların növbəti raundu keçiriləcək. Ehtimal edirik ki, bu ayın sonuna kimi danışıqları bitirib müvafiq razılaşma əldə edəcəyik. Eyni zamanda qazın Türkiyəyə nəqli ilə bağlı kompleks danışıqlar aparılır. Bu, Türkiyə üçün yeni olan məsələdir. Çünki Türkiyə heç vaxt tranzit ölkəsi olmayıb və Türkiyənin qanunvericilik bazası tam şəkildə tranzit məsələlərini həyata keçirmək üçün formalaşmayıb. Bu səbəbdən müəyyən çətinliklər yaranır. Əgər biz mövcud qanunvericilik qaydaları ilə qazı tranzit etmək istəyiriksə, Türkiyə tərəfi müəyyən daxili proseduralarına dəyişiklik etməlidir"- deyə o, əlavə edib.
Cari ilin sonunadək Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" strukturunda ikinci fazanın tammiqyaslı işlənməsi üçün sanksiya veriləcəyini deyən Vaqif Əliyev bildirib ki, hazırda "Şahdəniz"in ikinci fazası üzrə işlər davam etdirilir və heç bir gecikmə yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB