Azərbaycandakı kiçik və orta sahibkarların 13,3 %-i sahibkarlıq üçün əlverişsiz hesab edir
Bu gün Mətbuat Mərkəzində "Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu Kiçik və Orta Sahibkarlığın İnkişafına Yardım Mərkəzi"nin tədbiri keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə fond rəhbəri Sabit Bağırov rəhbərlik etdiyi qurumun Azərbaycanda kiçik və orta sahibkarlar arasında 43 sualdan ibarət sorğu apardıqlarını və bu sorğunun nəticələri haqda danışacağını bildirib.
"Bu zaman qədər Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına dair 53 tövsiyyə hazırlanıb və ölkə Prezidentinə təqdim olunub. Sevindirici haldır ki, bunlardan bir qismi həyata keçirilib. İndi isə Azərbaycanda 700 sahibkarlıq subyektindən sorğu apardıq və bu sorğunun nəticələri ilə sizləri tanış edəcəyik", - deyə fond rəhbəri bildirib.
Daha sonra aparılmış sorğunun nəticələri qonaqların diqqətinə çatdırılıb. Bildirilib ki, sorğu 28 iyul - 1 sentyabr 2011-ci il tarixləri arasında "İqtisadi islahatlara dair dialoqun qurulması" lahiyəsi çərçivəsində Azərbaycan Respublikası ərazisində 700 kiçik sahibkarlıq subyekti arasında aparılıb. Sorğu haqda danışan İlkin Qarayev bildirib ki, sorğu anketi Dünya Bankı və digər beynəlxalq təşkilatların istifaə etdiyi biznes mühiti indikatorlarını nəzərə almaqla təşkil olunub: "Belə ki, sorğu anketi 43 sualdan ibarət idi. Bu suallar sənaye və tikinti, kənd təsərrüfatı, topdansatış ticarət, pərakəndəsatış ticarət, nəqliyyat, xidmət və digər iqtisadi fəaliyyət növlərini əhatə edib. Bu meyarlar sahibkarlıq subyektlərinin kiçik müəssisələr kateqoriyasına aid edilməsi meyarları Azərbaycan Nazirlər Kabineti 18 dekabr 2009-cu il tarixli 192 saylı qərarı ilə müəyyənləşdirilib. Sorğuda iştirak etmiş respondentlərin 12,3%-i hüquqi şəxs, 87,7%-i fiziki şəxslər olub. Bu rəqəmlər rəsmi statistikaya arxalanır. 2009-cu ildə iqtisadiyyatın bütüb sahələrində cəmi 205028 kiçik sahibkarlıq subyekti mövcud idi, bunlardan 186765 (91,1%) nəfəri fərdi sahibarlıqla məşğul olan fiziki şəxslər olubar".
Bundan əlavə İlkin Qarayev sorğunun Bakı şəhərindən əlavə Azərbaycanın 8 iqtisadi rayonunun əhatə edildiyini bildirib. Daha sonra İ.Qarayev sorğu zamanı respondentlərin cavablarının qeyri-səmimi olduğunu da bildirib və qeyd edib ki, bəzi respontentlər isə ümumiyyətcə sualları cavablandırmaqda çətinlik çəkiblər: "Sorğuda iştirak etmiş respondentlərin 43%-i biznes mövcud durumun nə yaxşı, nə də pis olduğunu qeyd etdikləri halda, 31%-i mövcud durumun "əlverişli" olduğunu, 13,3%-i "əlverişsiz", 7,7%-i "olduqca əlverişli" və 3,6% "olduqca əlverişsiz" kimi cavablandırıblar. Qalan 1,1% isə sualı cavablandırmağa çətinlik çəkdiyini bildirib. Beləliklə, 2008-ci ilin nəticələri ilə müqayisədə 2011-ci ildə vəziyyəti əlverişli kimi qiymətləndirənlərin sayı cüzi azalıb (2008-ci il 39,5%, 2011-ci il 38,8%). Bu kiçik fərq vəziyyətin keyfiyyət baxımından təxminən eyni qalmasına dəlalət edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB