Davamlı üzvi çirkləndiricilər – Polixlorbifenilin təyini üçün analiz işləri davam etdirilir

Davamlı üzvi çirkləndiricilər – Polixlorbifenilin təyini üçün analiz işləri davam etdirilir
BMT-nin Sənaye İnkişaf Proqramı (UNİDO) Azərbaycanda "Davamlı üzvi çirkləndiricilər"in aşkarlanması və utilizə edilməsi layihəsini həyata keçirir. SİA-nın xəbərinə görə, belə çirkləndiricilərdən biri də Polixlorbifenil (PXB) maddəsidir. PXB əsasən elektrik avadanlıqlarında (transformator, kondensator, elektrik açarları və s.), yağların təkibində olur. Belə avadanlıqların energetika sektorunda və digər sənaye sahələrində daha çox istifadə olunduğunu nəzərə alan UNİDO həyata keçirdiyi texniki yardım çərçivəsində 2011–ci ilin iyulunda ARDNŞ-ə "L2000DX-Analyser" cihazı vermiş və müvafiq təlim kursları təşkil edib.

Ekologiya idarəsində təlim kursları keçmiş mütəxəssislər "L2000DX-Analyser" cihazının vasitəsilə analizlərin aparılması üçün şirkətin struktur bölmələrindəki avadanlıqlardan təlimata uyğun olaraq yağ nümunələrinin götürülməsi işlərini davam etdirirlər. Bu günə qədər "Azneft" İB-nin Abşeronneft, Balaxanıneft, Bibiheybətneft, Ə.Əmirov adına, N.Nərimanov adına, Z.Tağıyev adına neftqazçıxarma idarələrində, həmçinin Qaraçuxur iriləşmiş neft mədənlərində, Heydər Əliyev adına Bakı neft emalı zavodunda və Azərneftyağ neft emalı zavodlarında, Kompleks Qazma İşləri Tresti, "Azərikimya" İB və Neft Kəmərləri İdarəsinin istehsalat sahələrindəki elektrik avadanlıqlarından yağ nümunələri götürülüb. Bu işlər ARDNŞ-nin digər müəssisələrinin ərazisində də davam etdiriləcək.

Analizlərin nəticələri oktyabrda hazırlanacaq inventarlaşdırma sənədinə daxil ediləcək. Yeni hazırlanan sənəd bu sahədə ARDNŞ-nin məlumat bazasının dəqiqləşdirilməsinə və müvafiq emal texnologiyalarının seçilməsinə yardım edəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə