Vüqar Bayramov: “Azərbaycanda ipoteka kreditlərinin faiz dərəcəsinin azaldılmasına ehtiyac var” - Münasibət

Vüqar Bayramov: “Azərbaycanda ipoteka kreditlərinin faiz dərəcəsinin azaldılmasına ehtiyac var” - Münasibət

"İpoteka kreditlərinin verilməsində bütövlükdə kreditlərin həcminin artmasına baxmayaraq bununla bağlı bir sıra problemlər mövcuddur ki, bunlarında aradan qaldırılmasına ehtiyac var". Bunları SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Ekspert bildirib ki, ümumiyyətlə bütövlükdə ipoteka sisteminin və kreditlərin verilməsinin özü müsbət haldır və bu mənzil alanların sayının nisbətən artmasına səbəb olur: "Nəzərə alsaq ki, il ərzində təqribən 100 milyon manatlıq ipoteka krediti verilir və onun 14 milyon manatı dövlət büdcəsi hesabına maliyyələşən ipoteka kreditləridir ki, sosial ipoteka kreditləri kimi qiymətləndirilir. Dövlət büdcəsi hesabına verilən ipoteka kreditləri adi ipoteka kreditlərinə nisbətən daha aşağı faizlə təklif olunur. Kreditlərin verilməsi ilə bağlı olan əsas problemlərdən biri ipoteka kreditləşməsinin, fondunun maliyyə mənbələrinin məhdud olmasıdır. Baxmayaraq ki, ölkə prezidentinin 2005-ci ildə Azərbaycanda ipoteka sisteminin yaradılması və inkişafı haqqında imzaladığı sənəddə xüsusi qeyd olunur ki, Mərkəzi Bank ipoteka kreditləşməsinin, maliyyə mənbələrinin gücləndirilməsi, eləcə də bütövlükdə kreditləşmə sisteminin inkişafı üçün digər mənbələrdən, sığorta şirkətlərinin kreditlərin verilməsinə cəlb edilməsi yolu ilə maliyyə mənbələri genişləndirilməlidir. Amma çox təəssüf ki, İpoteka Fondu bununla bağlı əsaslı fəaliyyət həyata keçirə bilməyib".

Azərbaycandakı vəziyyətlə xarici ölkələri müqayisə edən Vüqar Bayramov vurğulayıb ki, Azərbaycandan həm ərazi, həm də əhali baxımdan kiçik olan Litvada Dövlət İpoteka Fondunun nizamnamə kapitalı 2,5 milyard dollardır. Həmin məbləğin 90 faizi dövlət büdcəsindən kənar mənbələr hesabına formalaşan vəsaitlərdir.

İpoteka kreditlərində ən böyük problemlərdən birinin faiz dərəcələrinin yüksək olmasıdır deyən iqtisadçı, adi ipoteka kreditlərinin faiz dərəcəsinin 8 faiz olduğunu diqqətə çatdırıb: "Bu o deməkdir ki, 50 min manatlıq kredit götürən vətəndaş 25 il müddətində, yəni kreditin qaytarıldığı dövrdə təxminən aldığı puldan 2,5 dəfə çox kredit qaytarmalıdır. 50 min manatın qarşılığında 125 min manat vəsait ödəməlidir. Bu da kifayət qədər böyük məbləğdir. Nəzərə alsaq ki, Avropa ölkələrində ipoteka kreditləri 4 faizdən yuxarı verilmir. Hətta qonşu Türkiyədə adi ipoteka kreditlərinin faiz dərəcəsi 3,7 faizdir. Azərbaycanda da bu kreditlərin faiz dərəcəsinin azaldılmasına ehtiyac var. Faizin yüksək olması adətən, orta və aztəminatlı insanlara ipoteka kreditləşməsindən faydalanmağa imkan vermir. Burada digər problem ondan ibarətdir ki, tələb olunan əmək haqqı məbləği olduqca yüksəkdir. Bu gün praktik olaraq ipoteka krediti almaq üçün 700 manat və ya daha çox əmək haqqı tələb olunur. Bu rəqəm isə Azərbaycandakı orta aylıq əmək haqqından iki dəfə çoxdur. Bu isə ən ciddi maneələrdən biri hesab olunur. Proseduralar kifayət qədər çoxdur. Kredit almaq istəyən vətəndaşdan 18 sənəd tələb olunur. Bütün bunlar da vətəndaşın gözünü qorxudur. Kreditlərin verilməsi zamanı arzuolunmaz hallar da ortaya çıxır. Vətəndaşdan qeyri-rəsmi ödənişlər tələb olunur".

Azərbaycanda mənzillərin qiymətinin qonşu ölkələrlə müqayisədə xeyli yüksək olmasına münasibət bildirən ekspert qeyd edib ki, Bakıda mənzillərin qiyməti Çexiyanın paytaxtı Praqadakı mənzillərin qiymətindən təxminən 40 faiz bahadır, Qərbi Avropada yerləşən Vyana şəhərindəki mənzillərin qiyməti ilə eynidir.

Vüqar Bayramov Bakıda mənzillərin baha olmasını süni qiymət artımı ilə əlaqələndirib: "Nəzərə alsaq ölkədə əhalinin orta aylıq əmək haqqı 380 manata yaxındır, mənzillərin isə hər kvadratmetrinin orta qiyməti 450-500 manatdır. Bu o deməkdir ki, bu gəlirlə çalışan vətəndaşın mənzil alması qeyri-realdır. Süni qiymət artımının bir çox səbəbləri var. Birincisi ondan ibarətdir ki, sahibkarların banklardan götürdükləri kreditlər üzrə faiz dərəcələri yüksəkdir. İkinci isə sahibkarlar hündürmərtəbəli binalar inşa etdikləri zaman qısa vaxt ərzində daha çox gəlir əldə etməyi çalışırlar. Bu baxımdan kifayət qədər yüksək qiymətlərlə mənzilləri satışa buraxırlar. Digər səbəb onunla bağlıdır ki, sahibkarlar qeyri-rəsmi ödənişlər də edirlər. Bu da mənzillərin xərclərinin artmasına gətirib çıxarır".

Bütün xəbərlər Facebook səhifəmizdə