Dondurma istehsalçılarına qarşı sanksiya tətbiq olunub

Dondurma istehsalçılarına qarşı sanksiya tətbiq olunub
Abşeron rayonu, Xırdalan qəsəbəsi, H. Əliyev küçəsi, ev 227A ünvanında yerləşən istehsalat sahəsinin rəhbəri Müzəffər Poladova qarşı İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. SİA-nın nazirliyə istinadən verdiyi məlumata görə, müəssisədə aparılan yoxlama zamanı dondurmaların müvafiq reseptura və gigiyenik sertifikatları olmadan istehsal edilməsi, etiketlərində istehsalçı müəssisə barədə məlumatların göstərilməməsi, habelə dondurmaların laborator müayinədən keçirilmədən satışa çıxarılması faktları aşkarlanıb: "Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə Müzəffər Poladova 527 manat maliyyə sanksiyası tətbiq edilib".
Qurumdan o da bildirildi ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 137 ünvanında "Dədə Qorqud" Müstəqil Kiçik Müəssisəsinə məxsus istehsalat sahəsində də neqativ hallar aşkarlanıb: "Yoxlama zamanı plombir dondurmaların müvafiq reseptura, südlü dondurmaların gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edilməsi, habelə dondurmaların laborator müayinədən keçirilmədən satıldığı məlum olub. Bu müəssisəyə qarşı da ciddi tədbirlər görülüb. "Dədə Qorqud" Müstəqil Kiçik Müəssisəsinə 2,9 min manat maliyyə sanksiyası tətbiq edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə