SOCAR-ın “Yay Məktəbi-2011” layihəsi üzrə müsabiqənin birinci turu keçirilib
Avqustun 13-də Xəzər Universitetinin "Neftçilər" korpusunda SOCAR "Yay Məktəbi-2011" layihəsi üzrə müsabiqənin birinci turu çərçivəsində test imtahanı keçirilib. SİA-nın xəbərinə görə, bu tur çərçivəsində imtahana salınmış 60 testdən 35-i məntiqi təfəkkürə, 15-i neft-qaz sənayesi və ARDNŞ haqqında ümumi məlumatlara, 10-u isə ingilis dilinə aiddir. Suallar Şirkətin Baş Ofisinin İnsan Resursları Departamentinin Təlim və İnkişaf şöbəsinin əməkdaşları və ARDNŞ-nin Təqaüd Proqramının məzunları tərəfindən hazırlanıb. Ötən müddətdə ölkəmizin 18, xarici ölkələrin 13 ali məktəbində bakalavriat və magistratura pillələrində avtomatika, İKT, boru kəmərləri, ekologiya, energetika, geoloji kəşfiyyat, hüquq, qaz-neft-mədən, qazma, iqtisadiyyat, kimya-texnologiya, neft-mexanika, tikinti, insan resurslarının idarəedilməsi və digər ixtisasları üzrə əsasən, "yaxşı" və "əla" qiymətlərlə təhsil alan və ya bu il təhsillərini başa vuran 300-ə yaxın gənc Azərbaycan vətəndaşı müsabiqədə iştirak etmək üçün müraciət edib, onlardan 181 nəfəri müsabiqənin birinci turuna vəsiqə qazanıb. SOCAR "Yay Məktəbi-2011" 31 avqust – 12 sentyabr 2011-ci il tarixlərində Şıx cimərliyində yerləşən "Ramada" otelində fəaliyyət göstərəcək. Layihədə iştirak etmək üçün seçiləcək 40 gənc üçün maraqlı proqram hazırlanmışdır. Enerji sektorunun bütün sahələrini əhatə edəcək "Yay Məktəbi"nin iştirakçıları interaktiv formada Şirkətin rəhbər işçilərinin mühazirələrini dinləyəcək, praktiki məşğələlər keçəcək, Şirkətin idarə və müəssisələrinə ekskursiya edəcəklər. İddiaçıların topladıqları ballar avqustun 15 və ya 16-sı tarixlərində www.socar.az/tehsil saytında elan olunacaq. Yaxın günlərdə 2-ci tura keçid balları müəyyən olunacaq və 1-ci turun qaliblərinin siyahısı açıqlanacaq. Xatırladaq ki, SOCAR "Yay məktəbi" layihəsinə 2010-cu ildə başlanılıb və ötən ilki yay məktəbi gənclər arasında bu layihəyə böyük populyarlıq qazandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB