“Hələ də bu və ya digər şəkildə sayğac sxeminə müdaxilə halları var”

“Hələ də bu və ya digər şəkildə sayğac sxeminə müdaxilə halları var”

Sayğac uçot komplektinə nəzarətin gücləndirilməsi, istehlakçıların elektrik enerjisindən təyinatı üzrə istifadə etmələri, onlar arasında aparılan təbliğat işinə baxmayaraq, hələ də bu və ya digər şəkildə sayğac sxeminə müdaxilə halları var. Bu da sonda itkilərin artmasına və ödəniş səviyyəsinin aşağı düşməsinə səbəb olur. Məqsəd bu pozuntu faktlarını vaxtında aşkar edərək onların qarşısını almaq, itkiləri azaltmaq, ödənişi 100 faizə çatdırmaq və debitor borcların ödənişini təmin etməkdən ibarətdir

"Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Enerji Təchizat İdarəsi cari ilin iyun ayında müəssisə üzrə 507,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edib. Ümumi ödəniş isə 90 faizə yaxın olub ki, bu da ötən ilin eyni dövründəki ödənişdən mütləq 10 faizə yaxın çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak 145,8 milyon kilovatsaatdan artıq olub ki, bu da ötən ilin eyni dövründəki göstəricidən 1,1 milyon kilovatsaata yaxın azdır. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 7 faizə yaxın artaraq 95,3 faiz olub.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, cari ilin iyun ayında ümumi ödənişdə 12 müəssisə üzrə ötən ayların debitor borcu da nəzərə alınmaqla 100 faizdən yuxarı nəticə qeydə alınıb. Ümumiyyətlə, sözügedən dövrdə ümumi ödənişdə ən yüksək göstərici "Biləsuvar" EŞ-də (ötən ayların debitor borcu nəzərə alınmaqla 119,9%), ən aşağı isə "Samux" EŞ-də (62,1%) qeydə alınıb. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə ödənişdə 10 müəssisə üzrə 100 faiz və ondan yuxarı nəticə qeydə alınıb. 7 müəssisədə isə 95 faizdən yuxarı nəticə qeydə alınıb. Bir sözlə, bu istehlakçı qrupu üzrə ən yüksək göstərici "Sumqayıt" EŞ-də (ötən ayların debitor borcu nəzərə alınmaqla 145,3%), ən aşağı göstərici isə "Cəlilabad" EŞ-də (71,1%) qeydə alınıb.

Qeyd edək ki, cari ilin ötən 6 ayı ərzində müəssisə üzrə ümumilikdə 3 milyard 334,8 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib. Ümumi ödəniş isə 83 faizə yaxın olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz mütləq artım deməkdir. O cümlədən, daimi əhali istehlakçı qrupunda istehlak 1 milyard 164 milyon kilovatsaatdan artıq olub ki, bu da ötən ilin eyni dövründəki göstəricidən 57,5 milyon kilovatsaata yaxın azdır. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz mütləq artaraq 85 faizə yaxın olub.

Yeri gəlmişkən, cari ilin 6 aylıq yekununa görə ümumi ödənişdə 2 müəssisə üzrə ötən ayların debitor borcu da nəzərə alınmaqla 100 faizdən yuxarı nəticə qeydə alınıb. Ümumiyyətlə, sözügedən dövrdə ümumi ödənişdə ən yüksək göstərici "Şirvan" EŞ-də, ən aşağı isə "Sabirabad" EŞ-də qeydə alınmışdır. Belə ki, bu müəssisələrdə ümumi ödəniş müvafiq olaraq (ötən ayların debitor borcu nəzərə alınmaqla) 102,3 və 55,9 faiz olub. O cümlədən, sözügedən dövr ərzində daimi əhali istehlakçı qrupu üzrə ödənişdə 4 müəssisə üzrə 100 faizdən yuxarı nəticə qeydə alınıb. 11 müəssisədə isə 95 faiz və ondan yuxarı nəticə qeydə alınıb. Bir sözlə, bu istehlakçı qrupu üzrə ən yüksək göstərici "Şirvan" EŞ-də (ötən ayların debitor borcu nəzərə alınmaqla 107,8%), ən aşağı göstərici isə "Sabirabad" EŞ-də (45,3%) qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə