“AAC” məsaməli qazobetonun uğurlu sınaq istehsalını həyata keçirib

“AAC” məsaməli qazobetonun uğurlu sınaq istehsalını həyata keçirib

Azərbaycanda ilk və yeganə qazobeton istehsalçısı olan "AAC" MMC sınaq istehsalını müvəffəqiyyətlə həyata keçirib. "AAC" MMC-dən SİA-ya verilən məlumata görə, sınaq nəticəsində çox keyfiyyətli məsaməli beton blokları əldə olunub.

Dünyanın 50-dən çox ölkəsində yerləşən və sayı 200-dən artıq olan qazobeton istehsal edən zavod yaxın günlərdə artıq Azərbaycanda da fəaliyyətə başlayır. AAC zavodu Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşir və illik istehsal gücü 180 min kubmetr qazobeton blokudur. Zavodun tikintisində qabaqcıl alman texnologiyaları tətbiq olunub. Zavodunun günlük istehsal gücü 600 m3 məsaməli qazobeton və 100 ton həcmində yüksək keyfiyyətli əhəng istehsal etməyə imkan verir. İstehsalat 10 hektar ərazidə yerləşir və bütün zəruri infrastrukturdan ibarətdir.

"Bu zavodun Cənubi Qafqazda analoqu yoxdur. Zavodun məhsullarının əksər hissəsi ölkə ərazisində satılacaq. Lakin şirkət məhsulun Gürcüstan, İran və Dağıstan kimi yaxın qonşu regionlara ixracı imkanını da planlaşdırır", - AAC şirkətinin baş direktoru Teymur Abdürəhimov qeyd edib.

Sınaq istehsaldan sonra AAC zavodu tam istehsala başlamaq üçün bir sıra texniki yoxlamaları davam etdirir. Yaxın günlərdə zavod tam olaraq istehsala başlayacaq. Cari ilin sonunadək zavod 12, 500 ton əhəng və 25000 kubmetr məsaməli beton blokları istehsal etməyi planlaşdırır.

"AAС" MMC şirkəti - Azərbaycanda müasir məsaməli beton və yüksək keyfiyyətli əhəng istehsalına böyük sərmayə yatırmış Azərbaycan şirkətidir.

Məsaməli beton, əvvəlki tikinti materiallarına nəzərən möhkəm, yüngül, üzün ömürlü, istiyə və şaxtaya qarşı davamlı, buxar keçirmə qabiliyyəti (məsaməli beton bloklarından olan divarlar "nəfəs alır"), səthin təmizliyi və hamarlığa malik olması, ekoloji cəhətdən təmizliyi, enerji cəhətdən səmərəliliyi və əl alətləri ilə rahat işlənməsi kimi üstünlüklərə malikdir. Məsaməli beton məhsulları həm peşəkar inşaatçılar, həm də fərdi şəxslər tərəfindən müvəffəqiyyətlə istifadə edilir.

Hazırda bütün dünyada məsaməli beton məhsulları azmərtəbəli və çoxmərtəbəli binaların inşasında, xarici və daxili divarların hörülməsində, arakəsmələrin, örtüklərin və pilləkənlərin tikilməsində geniş tətbiq edilir. Məsaməli beton məhsulları yalnız təbii xammallardan istifadə olunmaqla, yüksək texnologiyalı və tam avtomatlaşmış xəttlərdə istehsal olunur.

Qonşu region və Avropa ölkələrində məsaməli betondan olan tikinti materiallarının istehsalına investisiya qoyuluşu cəlbedici sayılır. Rusiyada məsaməli betondan olan tikintinin həcmi sürətlə artır. 2009-cu ildə məsaməli betonun tikinti bazarında payı yaşayış mənzil tikintisində 10.1%, qeyri-yaşayış sahələrinin tikintisində isə 13.6% təşkil edib. Bu göstərici inkişaf etmiş Avropa ölkələrində uyğun olaraq 35-45% təşkil edir.

MDB ölkələrindən Belorusda yaşayış mənzil tikintisində məsaməli betonun payı 46% təşkil edir, 2015-ci ilə qədər isə azmərtəbəli yaşayış evlərinin tikintisində bu payın 97%-ə çatdırılması nəzərdə tutulur. Ukraynada məsaməli beton məhsulunun istehlak həcmi 8 mln kub.m/il təşkil edir.

Məsaməli beton məhsullarının Azərbaycan bazarına da çıxması tikinti işlərinin texnologiyasını və müddətini əsaslı dəyişəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə