Qaz Təsərrüfatı İstismar Şöbəsinin rəis müavini: \"Türkanın qaz təchizatı tezliklə bərpa olunacaq\"

Qaz Təsərrüfatı İstismar Şöbəsinin rəis müavini: \"Türkanın qaz təchizatı tezliklə bərpa olunacaq\"

Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyində növbəti "açıq mətbuat saatı" keçirilib. SİA-nın məlumatına görə, hər həftənin beşinci günləri keçirilən tədbirdə bu gün abunəçiləri narahat edən sualları Qaz Təsərrüfatı İstismar Şöbəsinin rəis müavini Xəyyam Aydınov cavablandırıb. X. Aydınov 3 aydır fəaliyyət göstərən 490 -54-33, 490 -54-24 saylı \"qaynar xətt\" nömrələrinə respublikanın bütün istiqamətlərindən müraciət daxil olduğunu deyib: "Əvvəlki aylara nisbətən indi zənglərin sayı xeyli azalıb. Çünki daxil olan hər şikayət araşdırılır, operativ tədbirlər görülür. Bu da problemlərin azalmasına səbəb olub".

"Qaynar xətt"ə daxil olan müraciətlərdən biri Türkan qəsəbəsində qaz təchizatında çətinliklərin yaranması ilə bağlı idi. Türkan sakinləri son günlər qəsəbəyə qaz gəlməməyindən şikayətlənirdilər. Rəis müavini problemin səbəbini sözügedən ərazinin qaz xətlərində təmir işlərinin aparılması ilə əlaqədar olduğunu bildirib: "Hazırda Türkan, Sabunçu və Xəzər rayonunun qəsəbələrində qaz boruları dəyişdirilir, lazım olan yerlərdə təmir işləri aparılır. Bu ərazilərdə pərakəndə çəkilmiş qaz xətləri, müdaxilələr qaz sızmasına və digər neqativ halların yaranmasına səbəb olurdu. Problemləri aradan qaldırmaq üçün bu ərazilərdəki xətlər yenilənir, təmir olunur. Ona görə də məcburuq ki, qaz təchizatını dayandıraq. Artıq ərazidə işlər yekunlaşmaq üzrədir, Türkanın qaz təchizatı tezliklə bərpa olunacaq". "Qaynar xətt"ə daxil olan digər sualları da cavablandıran X. Aydınov son 3 ayda təşkil olunan açıq mətbuat saatında mindən çox abonentin müraciətinin cavablandırıldığını deyib: "Açıq Mətbuat saatının keçirilməsində məqsəd əhali ilə sıx təmasda olub, qarşıya çıxan problemlərin həll edilməsi üçün lazımi tədbirlər görməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə