Nazirlər Kabineti "Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən (ƏDV) azad olunan malların siyahısı haqqında" qərarını dəyişib. Hökumətin yeni qərarına əsasən, iyulun 10-dan etibarən ölkəyə gətirilən taxıl və un yenidən ƏDV-yə cəlb olunur.
Qeyd edək ki,
Nazirlər Kabinetinin 3 dekabr 2010-cu il tarixli qərarı ilə ölkəyə gətirilən
buğda və un avqustun 1-dək ƏDV-dən azad edilmişdi. Hazırda isə İqtisadi İnkişaf, Maliyyə, Kənd Təsərrüfatı və
Fövqəladə Hallar nazirliklərinin rəylərini nəzərə alaraq bu müddət iyulun 10-na
qədər azaldılıb. Yəni bundan sonra xaricdən gətirilən buğda və
undan ("Buğda və meslin" və "Buğda unu və ya buğda-çovdar unu") 18%-lik ƏDV
tutulacaq.
Məlumat üçün
bildirək ki, taxıl və unun ƏDV-dən azad edilməsi xaricdən bu məhsulların gətirilməsini
kəskin artırmışdı. Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, bu ilin ilk 5
ayında ölkəyə buğda idxalı ötən ilin eyni dövrünə nisbətən 50%, un idxalı isə
74 dəfə artıb. Yeni qərardan sonra xaricdən idxal edilən taxıl məhsullarının azalması gözlənilir.
İqtisadçı-ekspert
Vüqar Bayramov idxal olunan taxıl məhsullarına əlavə dəyər vergisinin tətbiq
edilməsinin qiymətlərə təsir edəcəyini bildirir: "Taxıl məhsullarına əlavə dəyər
vergisinin tətbiqi ilə bağlı hökümət tərəfindən qərarların mütəmadi dəyişməsi bu
sahədə konkret strategiyanın olmamasını göstərir. Çünki ölkəyə idxal olunan
taxıl məhsullarından dövlət büdcəsinə daxil olan vergilərin dəyərlə ifadəsi
kifayət qədər kiçikdir.Yəni büdcə gəlirlərinin 0,0001 faizini belə təşkil
etmir. Belə halda taxıl məhsullarına əlavə dəyər vergisinin tətbiqi dövlət büdcəsinin
imkanlarının yaxşılaşdırılması kimi qiymətləndirilə biməz".
V.Bayramovun
sözlərinə görə, ƏDV-nin tətbiqi arzuolunan deyil: "Azərbaycanda əvvəlki ilə
nisbətən taxıl istehsalının aşağı düşəcəyi proqnozlaşdırılır. Bu şəraitdə əlavə
dəyər vergisinin tətbiqi taxil məhsullarının qiymətini artıracaq.Əslində Nazirlər
Kabineti ölkəyə gətirilən taxıl məhsullarına güzəşt müddətinin tətbiqi ilə
bağlı yox,onların bütövlükdə əlavə dəyər
vergisindən azad edilməsi istiqamətində qərar qəbul etməlidir".
ƏDV-nin tətbiqi taxıl
mövsümü başa çatdıqdan sonra- payız aylarında ölkədə taxılın daha da
bahalaşmasına gətirib çıxaracaq: "Praktiki əlavə dəyər vergisinin tətbiqi çörək
istehsalına təsir edəcək. Hələlik çörəyin
qiymətində artımlar olmasa da çörəyin qiymətində gizli inflyasiya baş verəcək.
Çörək məhsullarının çəkisinin azaldılacaq. Sonrakı mərhələdə isə çörəyin qiymətinin
yüksəldilməsi ehtimalları istisna edilmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB