Azərbaycan məhsulları Fransada keçirilən Beynəlxalq Yarmarkada nümayiş olunub

Azərbaycan məhsulları Fransada keçirilən Beynəlxalq Yarmarkada nümayiş olunub

İyunun 2-5-də Fransanın Aşağı Normandiya regionunda yerləşən Leql şəhərinin 1001 illiyi münasibətilə təşkil edilmiş 54-cü ənənəvi Beynəlxalq Yarmarkada Azərbaycan məhsulları da nümayiş olunub. SİA-nın İqtisadi İnkişaf Nazirliyinin rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə yarmarkanın ölkəmiz üçün ayrılmış hissəsində İqtisadi İnkişaf Nazirliyinin və Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanın 10 şirkətinin 250-yə yaxın çeşiddə məhsulu, eləcə də Azərbaycanın ənənəvi çay dəsgahı nümayiş olunmuşdur. Azərbaycan məhsulları sərgini ziyarət edənlər tərəfindən maraqla qarşılanmışdır. Sərgi çərçivəsində AZPROMO tərəfindən ziyarətçilərə fransız dilində təşviqat materialları da paylanıb.

Tədbir çərçivəsində Azərbaycanın Naftalan və Fransanın Leql şəhərləri arasında Qardaşlaşma Sazişi imzalanmışdır. Mərasimdə Azərbaycanın dövlət himni səslənmişdir. Azərbaycanın üçrəngli bayrağı artıq Leql Meriyasının qarşısında dalğalanır.

Səfər çərçivəsində AZPROMO-nun nümayəndələri Kan şəhərinin Ticarət və Sənaye Palatasında, Leql şəhər meriyasında, həmçinin Burqundiya əyalətinin Ali Şurasının rəhbəri, Şəblis şəhərinin meri ilə görüşlər keçirmişdir. Görüşlərdə Azərbaycanın iqtisadi inkişafı, biznes və investisiya imkanları ilə bağlı məlumat verilmiş, iş adamları arasında əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə