Vergi ekspertlərinin 7-ci İllik Avrasiya seminarı işini davam etdirib

Vergi ekspertlərinin 7-ci İllik Avrasiya seminarı işini davam etdirib

Bu gün Bakıda Beynəlxalq Vergi və İnvestisiya Mərkəzinin (İTİC) Vergi ekspertlərinin 7-ci İllik Avrasiya seminarı öz işini davam etdirib. SİA-nın məlumatına görə, seminar iştirakçıları Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi - \"bir pəncərə\" sisteminin fəaliyyəti ilə yaxmdan tanış olublar.

Qonaqlara sistemin iş prinsipləri izah olunub və qeyd edilib ki, onun tətbiqində hökumətin əldə etdiyi nailiyyətlər bir çox MDB ölkələri üçün oxşar qanunverici və institutsional çərçivənin yaradılması üçün bir nümunə olub. \"Bir pəncərə\" sisteminin tətbiqi Azərbaycanda elektron hökumət layihəsinin başlanğıc nöqtəsi olub.

Sonra Vergi ekspertlərinin 7-ci İllik Avrasiya seminarı Öz fəaliyyətini davam etdirib. Vergilər nazirinin müavini Sahib Ələkbərov tədbir iştirakçılarını salamlayaraq Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonrakı 20 il ərzində qazandığı uğurlardan danışaraq, vergi sistemində aparılan islahatlar barədə seminar iştirakçılarına məlumat verib.

O qeyd edib ki, son illər sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində ölkə başçısının göstərişlərinə uyğun olaraq ciddi addımlar atılıb, vergi yükü aşağı salınıb, vergi inzibatçılığının ümumavropa standartlarına uyğunlaşdırılması, vergi orqanlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının son nailiyyətlərindən geniş istifadə olunması istiqamətində diqqətəlayiq nəticələr əldə olunub.

Sonra qlobal iqtisadiyyata inteqrasiyanın gömrük tərəfdaşlığı aspektləri, vergi auditi və mübahisələrin həlli istiqamətində görülən işlər, maliyyə mərkəzlərinin yaradılmasının vergi aspektləri mövzusunda təqdimatlar keçirilib.

Seminarda vergi siyasətinə dair müxtəlif məsələlərin, xüsusən investorların dövlətdəki maraqlarının balanslaşdırılması üçün həyata keçirilən vergi siyasəti, vergi auditi, maliyyə sahəsində regional strukturların fəaliyyəti və bu kimi məsələlər ətrafında müzakirələr aparılıb.

Tədbirdə Avrasiya İqtisadi Birliyinin, Avropa daxili Vergi Administrasiyaları Təşkilatının, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan və Türkmənistanın nümayəndə heyətləri, Azərbaycanın dövlət və hökumət nümayəndələri, müstəqil auditor təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə