Türkiyə ötən il müdafiə və aviasiya sənayesindən 7,1 milyard dollar gəlir əldə edib
Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru ötən il üçün hədəflənən 6,5 milyard dollarlıq ixracat gəlirini illik hesabla 11 faiz aşaraq, 7,1 milyard dollarla tamamlayıb. Bu artım əvvəlki ilə görə 29 faiz çoxdur. Ölkənin sahə üzrə ixracat gəliri 2023-cü ildə 5,5 milyard dollar olub. SİA xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsinin sədri Haluk Görgün bildirib.
O, deyib ki, Türkiyə sektor üzrə son 2 ildə təxminən 20 milyard dollar dəyərində müqavilə imzalayıb və bu il də eyni sürətlə davam edir. İlk ayda Türkiyə şirkətləri 1 milyard dollardan artıq müqavilə imzalayıb.
Ölkənin müdafiə və aviasiya sənayesi sektorunda, xüsusilə kritik texnologiyalarda xarici asılılığın azaldılmasının Prezident Rəcəb Tayyib Ərdoğanın qarşıya qoyduğu əsas hədəf olduğunu qeyd edən Görgün deyib: “Prezidentimizin son 20 ildə bizə, müdafiə sənayisinə verdiyi güvənlə yerli istehsal nisbəti faiz hesabı ilə 20-dən 80-ə çatdı. Hətta bəzi platformalarda və sistemlərdə bu nisbətin 80-dən artıq olduğu, 90-95 faizə çatdığını da deyə bilərik. Bu artım, xüsusilə son zamanlarda mühərrik sahəsində apardığımız işlərlə bağlıdır. Keçən ay yerli istehsal olan mühərriklərlə BMC şirkətinin istehsal etdiyi 2 fərqli 4x4 vasitənin alınmasını həyata keçirdik. Bu vasitələr həm Quru Qoşunları Komandanlığı, həm də Jandarma Ümumi Komandanlığı üçün təchizat fəaliyyətləri çərçivəsində təmin edilib. Bunlarla yerli istehsal nisbətləri 95 faizə çatdı.
Görgün sahə üzrə Türkiyənin NATO-dakı müttəfiqlərinə daha çox dəstək verə biləcəyini qeyd edib.
Ötənilki Müdafiə və Hava Sənayesi üzrə Qlobal Strateji Konfransda Türkiyənin bacarıq və yüksək texnologiyalı infrastrukturunun NATO-da daha çox dəyərləndirilə biləcəyini, bunun üçün bir az daha proaktiv çalışmaların lazım olduğunu qeyd etdiklərini deyən Görgün toplantıdan sonra beynəlxalq təşkilatlarla əməkdaşlığı idarə edəcək bir qurumun yaradıldığını bildirib.
Qeyd edilən qurumun işə sürətlə başladığını və bütün fəaliyyətlərin bu idarə çərçivəsində həyata keçirildiyini vurğulayan Görgün əlavə edib: “Biz daha da irəliləyə, daha çox dəstək verə, geniş çeşidli məhsullarımızla NATO-dakı müttəfiqlərimizin ehtiyaclarını daha çox qarşılaya biləcəyimizi bilirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə