Konqo Enerji və İnvestisiya Forumunda Azərbaycanla tərəfdaşlıq müzakirə ediləcək
Martın 24-dən 26-dək Konqo Respublikasının paytaxtı Brazzavildə I Konqo Enerji və İnvestisiya Forumu (CEIF 2025) keçiriləcək. Qlobal enerji sektorunun liderlərini və siyasətçiləri bir araya gətirəcək forumda investisiya imkanları araşdırılacaq və Konqonun neft-qaz sektorundakı yeniliklər müzakirə ediləcək. SİA Afrika Press Agentliyinə (APA) istinadla xəbər verir ki, forumda Konqonun qaz ehtiyatlarının kommersiyalaşdırılması və qazdan elektrik enerjisi istehsalı layihələrinin inkişafı məsələlərinə diqqət yetiriləcək. Tədbirdə, həmçinin enerji sektorunda texnologiya transferi və potensialın artırılması məsələləri, Qazaxıstan, Azərbaycan və digər ölkələrlə tərəfdaşlıqlar müzakirə olunacaq, Konqonun LNG layihəsi təqdim ediləcək və onun ölkənin təbii qaz ixrac potensialına təsiri haqqında danışılacaq.
Bundan başqa, Konqonun dərinsulu neft yataqları üzrə layihələrinin dərindən təhlili və Aşağı Konqo hövzəsində ehtiyatların inkişafı üçün Anqola ilə əməkdaşlıq, Konqonun kiçik müstəqil operatorları üçün ikinci dərəcəli yataqlarda yeni imkanların araşdırılması, eləcə də artan enerji tələbatını qarşılamaq üçün təbii qazdan elektrik enerjisi istehsalında istifadəni hədəfləyən layihələr forumda müzakirə mövzuları olacaq.
Forumun məqsədi beynəlxalq sərmayədarları cəlb etmək və Konqo Respublikasını enerji sahəsində investitsiya üçün bir məkana çevirməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə