Azərbaycan və İran elektrik enerjisinin ixracını müzakirə edib - YENİLƏNİB

Energetika naziri Pərviz Şahbazov 3-cü Kəmər və Yol Enerji Nazirləri Konfransı çərçivəsində Çin Xalq Respublikasının Milli Enerji Administrasiyasının rəhbəri Zhang Jianhua ilə görüşüb. SİA Energetika Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Çinlə münasibətlərin inkişafına xüsusi önəm verdiyi qeyd olunub. Bu xüsusda, Azərbaycan - Çin münasibətlərini strateji tərəfdaşlığa yüksəldən Birgə Bəyannamənin neft-qaz, bərpa olunan enerji sahələrində əməkdaşlığın inkişafını təşviq edən rolundan bəhs edilib.

Həmçinin Energetika Nazirliyi ilə Çinin Milli Enerji Administrasiyası arasında imzalanmış energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun enerji sahəsində bütün istiqamətləri əhatə etdiyi vurğulanıb. “China Energy Overseas Investment” şirkətinin 160 MVt gücündə günəş elektrik stansiyası layihəsində iştirakı, “PowerChina Huadong Engineering Co.Ltd” də daxil olmaqla Çin şirkətlərinin külək-günəş enerjisi layihələrinin icrasına cəlbi yüksək qiymətləndirilib.

Çin şirkətləri ilə “yaşıl enerji” üzrə yeni layihələrin həyata keçirilməsinə Milli Enerji Administrasiyasının dəstəyi ifadə olunub. Söhbət zamanı COP29-un Fəaliyyət Gündəliyinə və Çinin tədbirdə fəal iştirakına da toxunulub.

P. Şahbazov İranın energetika naziri Abbas Aliabadi ilə də görüşüb. Görüşdə ikitərəfli enerji əməkdaşlığının gündəliyində olan məsələlərə dair fikir mübadiləsi aparılıb. “Xudafərin” və “Qız Qalası”, həmçinin “Ordubad” su elektrik stansiyalarının icra vəziyyəti nəzərdən keçirilib. Su elektrik stansiyalarının tikintisini sürətləndirilməsinin vacibliyi qeyd olunub. Həmçinin Azərbaycan, İran və Rusiyanın elektrik şəbəkələrinin əlaqələndirilməsi üzrə də müzakirələr aparılıb. Elektrik enerjisinin ticarəti və nəqli imkanları regional elektrik enerji əlaqələrinin qurulması müstəvisində dəyərləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə