“Azərbaycan iqtisadiyyatında təhlükəsizlik yastığı daha da güclənir” - ŞƏRH OLUNDU

“2024-cü ilin geridə qalan ayları göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanaqlı iqtisadi inkişaf tempini qoruyub saxlayıb. Bir tərəfdən Ümumi Daxili Məhsuldakı artım, digər tərəfdən qeyri-neft sektorunun iqtisadi artımdakı rolunun genişləndirilməsi və artıq drayverə çevrilməsi ondan xəbər verir ki, Azərbaycanda iqtisadiyyatın inkişafı ilə bağlı hədəflərə nail olunması, eyni zamanda neftdən asılılığın minimumlaşdırılması ilə bağlı strategiya uğurla icra edilir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Deputat bildirib ki, iqtisadi artım dayanıqlıdır və son illər iqtisadi artım tempi qorunub saxlanılıb: “Digər tərəfdən isə iqtisadi artımda qeyri-neft sektoru xüsusi paya malikdir. Bu da iqtisadiyyatın şaxələnməsi baxımından vacibdir. Eyni zamanda Azərbaycan iqtisadiyyatında təhlükəsizlik yastığı daha da güclənir. Çünki Azərbaycan xarici borcun ÜDM-dəki payına görə dünyada ən yaxşı göstəricilərdən birinə malik olan ölkələrdəndir. Bu da ondan xəbər verir ki, Azərbaycan iqtisadiyyatı təhlükəsizlik yastığına malikdir. Xüsusilə də xarici faktorlardan iqtisadiyyatın asılılığını minimumlaşdırıb. 2024-cü ilin geridə qalan ayları üçün planlaşdırılan nəticələrə, hədəflərə praktik olaraq nail olmaq mümkün olub. Bu isə ilin yekununda daha sürətli iqtisadi artımın əldə edilməsinə imkan yaradacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə