"Sosial məzuniyyətlərə görə pul əvəzi verilmir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq olaraq 83.2, 135.2, 137.2, 140.4, 143.2 və 144-cü maddələrinə müvafiq olaraq bildirmək istərdim ki, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir". Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

O bildirib ki, əmək məzuniyyətindən vaxtından əvvəl geri çağırılan işçiyə tərəflərin razılığı ilə ya işə başladığı gündən etibarən əmək haqqı hesablanır və işləndiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir, ya da işə başladığı gündən etibarən işçiyə əmək haqqı hesablanır: "İstifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur və məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək yenidən məzuniyyət pulu hesablanıb ödənilir.

Məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir.

İşçi məzuniyyətdən istifadə etmək istəmədikdə ona müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək münasibətlərinə xitam verilərkən əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.

Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər. Əmək müqaviləsinə xitam verilərkən işəgötürən son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü işçiyə verməlidir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə