İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yerli və xarici investorları mikro, kiçik və orta sahibkarlıq subyektlərinin layihələrinə, startapların biznes ideyalarına sərmayə qoymağa çağırır. SİA-nın KOBİA-ya istinadən verdiyi məlumata görə, investorlar iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən işlək biznes, hazır layihə və biznes ideyalarla KOBİA tərəfindən yaradılmış investisiya portalından (www.invest.smb.gov.az) tanış ola bilərlər. Hazırda portalda investisiya yatırılmasını gözləyən 100-dən çox biznes ideya və hazır layihə mövcuddur. Portalda yerləşdirilmiş layihələrin 58-nin Bakı şəhəri və Abşeron rayonu ərazisində, 43-nün isə regionlarda həyata keçirilməsi nəzərdə tutulur. Layihələr əsasən sənaye, təhsil, turizm, xidmət, qida, ticarət, nəqliyyat və logistika sahələrini əhatə edir. İnvestorlar maraqlı olduqları layihələrə borc və ya ortaqlıq şərtləri daxilində yatırım edə bilərlər.

İnvestorlar bu layihələrə yatırım etməklə həm özləri qazanc əldə edəcək, həm də KOB-ların layihələrini dəstəkləməklə onların inkişafına, yeni məhsul və xidmətlərin yaranmasına dəstək göstərmiş olacaqlar.

Eyni zamanda investorlar onları maraqlandıran sektorları qeyd etməklə öz investisiya təkliflərini portalda yerləşdirə və biznes layihələrin müəlliflərindən təkliflər ala bilərlər.

Qeyd edək ki, www.invest.smb.gov.az portalı KOBİA tərəfindən Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin investisiya imkanlarını genişləndirmək məqsədilə yaradılıb. Layihəsinə investor axtaran sahibkarlar, startaplar, eləcə də sərmayə qoymaq üçün layihə axtarışında olan investorlar portalın imkanlarından faydalana bilərlər. Portaldan istifadə etmək ödənişsizdir.

Bütün xəbərlər Facebook səhifəmizdə