“Turizm sahəsində 2024-cü il üçün hədəflər müsbətdir” - İQTİSADÇIDAN AÇIQLAMA

“2022 və 2023-cü ilin yekunlarında Azərbaycanda turizm sektorunun inkişafı müşahidə olundu. 2023-cü ilin son rəqəmləri göstərir ki, ölkəyə gələn turistlərin sayı iki milyon nəfərdən artıqdır və bu əvvəlki illərlə müqayisə də 30 faiz çoxdur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Deputat bildirib ki, yeni destinasiyalardan ölkəyə daha çox turistlərin gəlməsi müşahidə olunub: “O cümlədən, Çin, Qazaxıstan, Hindistan və bir sıra digər yeni ölkələrdən Azərbaycana daha çox turistin gəlməsi müşahidə olunub. Bu da əlbəttə ki, gəlmə turizmdə ölkələrin strukturunun müəyyənləşdirilməsi və yeni ölkələrin cəlb edilməsi baxımından çox vacib idi. Bu səbəbdən artıq turizm inkişaf dövrünə qədəm qoyub.

Praktik olaraq 2024-cü il üçün də hədəflər müsbətdir, ölkəyə gələn turistlərin sayındakı artım davam edəcək. Xüsusilə Asiyadan gələn turistlərin sayındakı artımlar 2024-cü ildə də Azərbaycan turizminin daha böyük gəlir əldə edəcəyindən xəbər verir. Bütövlükdə turizm neft sektorundan sonra Azərbaycana ən çox gəlir gətirən sahədir. İlkin qiymətləndirməyə görə, Azərbaycan 2022-ci ildə turizmdən 2.5 milyard manatdan çox vəsait qazanıb”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə