Manatla olan problemli kreditlər niyə artıb? - İQTİSADÇI AÇIQLADI
"Son illər insanların gəlirləri azalıb, xərcləri isə artıb ki, bu da kreditlərin geri qaytarılmasına mane olur. Vətəndaş istər biznes, istər istehlak, istərsə də digər məqsədlər üçün bankdan aldığı kreditlə problemlərini həll etmək, yaxud özünə biznes sahəsi yaratmaq istəyir, amma bu mühiti yarada bilmədiyi üçün əlində vəsait heç bir işə yaramır, üstəlik, borcunu geri qaytara bilmir. Nadir hallarda isə problemin səbəbi vətəndaş məsuliyyətsizliyi ilə bağlıdır. Yəni, bəzi şəxslər gəlirləri olsa da, olmasa da borcunu ödəmək istəmir”. Bu sözləri SİA-ya iqtisadçı ekspert Fuad İbrahimov deyib.
Onun sözlərinə görə, 2015-ci ildə baş verən hər iki devalvasiyadan sonra ölkədə dollarla kreditlərin verilməsi dayandırılıb: "Ödənilən borclar isə həmin illərdən qalan və problemə çevrilmiş kreditlərdir. Hökumət bunların faizlərini ləğv etsə də, əsas məbləği saxlayıb. Vətəndaşlara da şərait yaradıb ki, dollarla olan borclarını tədricən ödəsinlər. Buna görə də xarici valyutada olan problemli kreditlərin statistikada xüsusi çəkisi getdikcə azalır. Əslində statistika açıqlanarkən, belə məlumatlar da əks olunmalıdır. Ancaq bu olmadığı üçün milli valyutada olan kreditlərin artması ilə bağlı problemlər ortaya çıxır”.
Ekspertin sözlərinə görə, mövcud problemlərə baxmayaraq, milli valyutada olan kreditlər geri qaytarılır: “Sistem dayanmadan və fasiləsiz işləyir. Bir qrup kreditini qaytarır, digər bir qrup isə yeni kredit alır. Problemli kreditlərin həcminin artmasına gəlincə, bu sahəyə nəzarət gücləndirilməli və “Asan Xidmət” kimi idarəetmə üsulu tətbiq edilməlidir. İkinci səbəb isə biznes mühitinin olmaması ilə bağlıdır. Aidiyyatı orqanlar iş qurmaq istəyən şəxsin sənədlərini tez bir vaxtda hazırlayaraq, təqdim etməli və ona lazım olan şəraiti yaratmalıdır”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB