"İnvestisiyalar sayəsində qeyri-neft sənayesinin istehsalı və ixracı stimullaşacaq" - DEPUTAT DANIŞDI

"İnvestisiyalar sayəsində qeyri-neft sənayesinin istehsalı və ixracı stimullaşacaq" - DEPUTAT DANIŞDI

“Ölkəmizdə sənayeləşmə siyasətinə uyğun olaraq sənaye parkları və sənaye məhəllələrinin yaradılması 12 ildən artıqdır ki, uğurla davam etdirilir. Ötən illər ərzində Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları yaradılıb, eyni zamanda 5 sənaye məhəlləsi - Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri fəaliyyətə başlayıb. Bu zonalar rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafında mühüm rol oynayır və sənayeləşmə siyasəti 2024-cü ildə də əsas diqqət mərkəzində olacaq, sənaye zonalarına 471 milyon manat investisiya yatırılması nəzərdə tutulur. Bu isə ölkədə sənayenin inkişafında, xüsusilə də qeyri-neft sənayesinin payının artmasında və ixracın yüksəlməsində rol oyanayacaq. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

Millət vəkili qeyd edib ki, sənaye parklarına dövlət vergi, gömrük güzəştləri, müxtəlif iqtisadi təşviqlər verməklə onların fəaliyyətini stimullaşdırır: “Bu zonaların rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Bunun nəticəsidir ki, xarici və yerli iş adamları ölkədə mövcud sənaye zonalarında yaradılmış əlverişli şəraitdən yararlanırlar”.

Deputat qeyd edib ki, bu güzəştlər sayəsində sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 7 milyard manata yaxın investisiya yatırılıb və 14100-dən çox daimi iş yeri yaradılıb: “Sənaye zonaları ölkənin qeyri-neft sektorunun inkişafında mühüm rol oynayırlar. 2023-cü ilin 11 ayı ərzində 1,5 milyard manatdan çox məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 15 %, qeyri-neft sənaye məhsullarının ixracında 35 % təşkil edib. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə ixrac edilib”.

A.Hüseynov bildirib ki, hazırda ən əlverişli iqtisadi zonalardan biri kimi Qarabağ və Şərqi-Zəngəzur bölgəsində də texnoparklar təşkil edilir: “Bu bölgə böyük sənaye və aqrar potensila malikdir. Bu ərazilərdə müasir sənaye komplekslərinin yaradılması işləri start götürüb. Cəbrayılda yeni fəaliyyətə başlayan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında ilk xarici investorlar qeydə alınıb. Həmçinin, Ağdam Sənaye Parkının təməli qoyulub. Ağdamın Qarabağ regionundakı strateji coğrafi mövqeyi, Qarabağla digər bölgələrin qovuşuğunda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə