"Nağdsız ödənişlər büdcə gəlirlərinin artırılması baxımından vacibdir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Nağdsız ödənişlər büdcə gəlirlərinin artırılması baxımından vacibdir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycanda nağdsız ödənişlər iqtisadi siyasətin əsas prioritetlərindən biridir. Bu istiqamətdə dövlət tərəfindən xüsusi tədbirlər həyata keçirilir. Bu tədbirlərin əsas mahiyyəti ondan ibarətdir ki, vətəndaşların arasında nağdsız ödənişlərin həcminin artırılmasına nail olunsun. Qeyd etmək lazımdır ki, son illər bu istiqamətdə uğurlar əldə edilib". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, xüsusilə də vətəndaşlar tərəfindən plastik kartlardan daha çox istifadə olunmağa başlanılıb: "Bu da ondan xəbər verir ki, vətəndaşların da plastik kartlara marağı artıb. Bunun isə fərqli səbəbləri var. Səbəblərdən biri odur ki, ƏDV geri al mexanizmindən istifadə edilir. Nəticə etibarilə daha çox vətəndaş plastik kartlarla ödəniş etməyə meyil göstərir. Ötən müddətdə ƏDV geri al mexanizmi çərçivəsində vətəndaşlara yarım milyard manatdan çox vəsait ödənilib. Nağdsız ödənişlər bir tərəfdən iqtisadiyyatın inkişafı, digər tərəfdən büdcə gəlirlərinin artırılması aspektindən vacibdir. Çünki bu, qeyri-neft sektorundan büdcəyə daha çox vəsaitin cəlb edilməsinə, bütövlükdə fiskal gəlirlərin artırılmasına imkan yaradır".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə