"Ölkədə avtomobil parkının yenilənməsi prosesi sürətlənəcək" - EKSPERT FİKİR BİLDİRDİ

"Ölkədə avtomobil parkının yenilənməsi prosesi sürətlənəcək" - EKSPERT FİKİR BİLDİRDİ

"Daha çox ikinci əl və digər işlənmiş avtomobillərin qiymətində artım müşahidə olunur. Bu da onunla əlaqədardır ki, fevral ayından ölkəyə idxal olunan avtomobillərə həm də utilizasiya rüsumu tətbiq ediləcək. Sözsüz ki, bu rüsum qiymət artımına səbəb olur. Digər tərəfdən ildən-ilə avtomobillərin istehsal tarixi köhnəlir. Belə ki, bu ildən artıq istehsal tarixi 2014-cü ildən aşağı olan avtomobillərin ölkəyə idxal olunmasına icazə verilməyəcək". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli deyib.

Onun sözlərinə görə, bütün bunlar ölkədəki ikinci əl avtomobillərin qiymətinin kəskin bahalaşmasına gətirib çıxarır: "Bu avtomobillər artıq ölkəyə daxil olmadığı üçün tələbat artır. Başqa bir məsələ isə köhnə avtomobillərin işlənmiş ehtiyat hissələrinin daha ucuz olmasıdır. Bu da avtomobil sahibinin gələcəkdə daha az pul xərcləməsinə imkan yaradır".

İqtisadçı sözlərinə davam edərək bildirib ki, bununla belə yeni avtomobillərin qiymətində yüksək artım müşahidə olunmur: "Bu da onu deməyə əsas verir ki, ölkədə getdikcə avtomobil parkının yenilənməsi prosesi sürətlənəcək. Daha çox elektrik mühərrikli və istehsal tarixi yeni olan avtomobillər ölkəyə daxil olacaq. Bu da avtomobil parkının yenilənməsi üçün müsbət bir addımdır".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə